Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 2015-ci ilin yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilib.

29 fevral 2016 | 11:00

  XXI əsrdə sürətlə inkişaf edən və simasını dəyişən şəhərlər arasında, ən azından ilk onluğa daxil olan paytaxt Bakının adını, indi tərəddüd etmədən və daha qürurla dünyanın ən gözəl meqapolisləri sırasında çəkmək olar. Şəhərin, bir qədər yaşlı nəsillərin gözləri qarşısında necə dəyişdiyini, quş damına bənzər, yöndəmsiz və könül bulandıran tikililəri ilə çox zaman bizi qonaq yanında belə üzüqara edən “Qara şəhər”dən, “Kubinka”dan, “Sovetski”dən, “Papanin”dən az bir zamanda necə qurtulduğunu görməməkmi olar. İndi həqiqətən Bakı Xəzərin qucağına aldığı ecazkar bir inciyə bənzəyir. İçəri şəhəri, XIX əsrin yadigarları olan memarlıq incilərini görməyənlər elə düşünərlər ki, şəhər elə XXI əsrdə salınıb.

Çox hayıf ki, paytaxtın bu möhtəşəm inkişaf tempinin sürətini, dünyanın ən qabaqcıl ölkələrini belə əməlli-başlı təlatümə salan maliyyə-iqtisadi böhranı ləngitdi. Bizə də ayaq açan bu böhran Bakının, Azərbaycanın sürətlə dəyişməsini heç cür qəbul etmək istəməyən bədxahları çox sevindirir. Hətta bizim içimizdən də, sevincək “görək indi necə inkişaf edəcək?” məsxərəsi ilə çıxış edənlər də az deyil. Amma, atalar yaxşı deyir; “Çax-çax baş aparır, dəyriman öz işindədir”. Yəni belə bir şəraitdə həyata keçirilən yenidənqurma, tikinti və abadlıq işlərinin həcmi azalsa da, nə yaxşı ki, bir an belə dayanmır. Bu da onu göstərir ki, nə dövlət, nə hökumət, nə də onun yerli icra strukturları nəinki, paytaxtın heç regionların belə yeniləşmə konsepsiyasının həyata keçirilməsindən imtina etmək fikrində deyillər. Bunu ən yaxşı halda, son illər paytaxtın sürətli inkişafında öz payı və yeri olan Xətai rayonunda görülən işlərdən, icrası bir an belə dayandırılmayan köhnə və həyata keçirilən yeni-yeni layihələrdən, aparılan tikinti, abadlıq, yaşıllaşdırma tədbirlərindən aydın görmək olur.

Paytaxtın ən çox əhali yaşayan bu rayonunda görülən işlərin miqyasını və əhəmiyyətini nümayiş etdirən ən parlaq göstərici odur ki, Azərbaycan Respublikasının Prezidenti, əslində bütün ölkənin, xüsusilə də Bakının yeni inkişaf layihələrinin strateqi olan İlham Əliyev təkcə 2015-ci ildə Xətai rayonunda başa çatmış on müxtəlif layihənin açılışında şəxsən iştirak edib. Bunlar Yusif Səfərov küçəsində yeni yaradılan fəvvarələr və şəlalələr kompleksinin, Y.Səfərov 38 ünvanında istifadəyə verilmiş yeni parkın, Ağ şəhər yarımstansiyanın, dənizkənarı yeni yolun və piyada keçidinin, Yeni “Ağ şəhər”bulvarının, “Bulvar Hotel”in, Nobel prospektində Boks federasiyasının, Nargilə dairəsindən Ukrayna dairəsinədək yenidən qurulmuş yolun açılışları, 264 saylı məktəb və 5 saylı peşə liseyinin əsaslı təmirdən sonra istifadəyə verilməsidir ki, onların hər biri rayonun simasının dəyişməsində məxsusi rol oynamışdır. Xəzərin sahili boyu Bakı Dəniz limanından üzü Zığ şossesinə qədər uzanan Nobel prospektinin sağında və solunda, çox da uzaq olmayan keçmişdə neftayırma və bir çox digər zavodların tullantılarından, hisindən, pasından fasadları, damları qaralmış “Qara şəhər” indi tamam özgə bir aləmə, göz oxşayan məkana çevrilməkdədir. Bir tərəfdə ən müasir üslubda tikilən dənizkənarı bulvar, bir tərəfdə də “Ağ Şəhər” layihəsinin gözəl memarlıq üslubunda tikilmiş binaları sıralanmaqdadır.

Əslində, dəyişən təkcə rayonun siması deyil, həm də iqtisadi potensialıdır. Araşdırdığımız məlumatlardan görünür ki, rayonda əhəmiyyətli infrastruktur və sosial layihələr həyata keçirilmiş, geniş abadlıq və quruculuq işləri davam etdirilmiş, bütün istiqamətlərdə inkişaf müşahidə olunmuşdur. Əlbəttə bütün hallarda faktlar əsas sayılır. Bu uğurların təsdiqi olan faktlara, Xətai rayonunun 2015-ci ildə əldə etdiyi nailiyyətlərə nəzər salaq.

Statistika göstərir ki, 2015-ci ildə rayonun sənaye və xidmət müəssisələrində 947 milyon 882 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye istehsalının 21 faizi məhsul istehsalının, 79 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 836 milyon 48,2 min manatlıq və ya ümumi istehsalın 88 faizi qədər, qeyri-dövlət sektorunda isə 111 milyon 833,8 min manatlıq və ya ümumi istehsalın 12 faizi səviyyəsində sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehlakçılara 970 milyon 561 min manatlıq və ya bütün sənaye istehsalının 102,3 faizi qədər sənaye məhsulu göndərilmişdir. İlin əvvəlində sənaye müəssisələrinin anbarlarında satış üçün 693,9 min manatlıq hazır məhsul saxlanılmışdır.

Ticarət dövriyyəsinin 99,5 faizini təşkil edən özəl müəssisələrdə ilin əvvəlindən 1 milyard 614 milyon 871,5 min manatlıq istehlak malları satılmışdır ki, bu da 2014-cü illə müqayisədə 29,8 faiz çoxdur. Rayonun ticarət şəbəkəsindən əhaliyə satılmış ərzaq məhsullarının həcmi 1 milyard 136 milyon 728,9 min manat, qeyri-ərzaq mallarının həcmi isə 486 milyon 195,7 min manat olmuşdur. Bu da onu göstərir ki, dünya maliyyə böhranı və neftin qiymətlərinin aşağı düşməsi nəticəsində ölkəmizdə baş vermiş manatın devalvasiyası əhalinin ümumi yaşayış səviyyəsinə elə də ciddi təsir göstərə bilməmişdir.

İqtisadi və sosial sahələrə, tikinti layihələrinə yatırılan investisiyaların həcmi də 2015-ci ildə maliyyə böhranının və devalvasiyanın rayonda inkişafa elə ciddi əngəl ola bilmədiyini göstərir. Belə ki, bütün maliyyə mənbələri hesabına iqtisadi və sosial sahələrin inkişafına, yəni əsas kapitala 225 milyon 161,5 min manat məbləğində investisiya yönəldilmiş, 170 milyon 782,3 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Tikinti-quraşdırma təşkilatlarının öz qüvvələri ilə həyata keçirdikləri podrat işlərinin həcmi isə 922 milyon 822,5 min manat təşkil etmişdir. Podratçı təşkilatların tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi sahəsində həyata keçirdikləri işlərin ümumi dəyəri isə 839 milyon 151,8 min manat təşkil etmişdir. Xüsusi mülkiyyətdə olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 742 milyon 854 manat dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi isə 179 milyon 968,5 min manat olmuşdur.

Doğrudur ümumilikdə tikinti işlərinin həcminin azalması bu təşkilatlarda çalışan işçilərin az sayda ixtisarına səbəb olmuşdur. Belə ki, 2015-ci ildə tikintidə çalışan işçilərin sayı ötən illə müqayisədə 2321 nəfər az, yəni 9705 nəfər olmuşdur. Amma, buna baxmayaraq, işçilərin orta aylıq əmək haqqı 934,2 manat təşkil etmişdir bu da ötən ildəkindən 13,1 faiz çoxdur.

Rayonun ərazisində fəaliyyət göstərən özəl şirkət və müəssisələrin rəhbərləri həyata keçirilən dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını əsas götürərək, müəssisələrində çalışan vətəndaşların əmək haqlarının sabit verilməsini, devalvasiyaya uyğun tənzimlənməsini də daim diqqətdə saxlayırlar. Məsələn, rayonun nəqliyyat sektorunda çalışan işçilərin orta aylıq əmək haqqı 772,1 manat, rabitə işçilərininki isə 562,1 manat olmuşdur. İnsanlara belə münasibət işlərin təşkilinə və gəlirlərin artmasına da öz müsbət təsirini göstərmiş və nəqliyyat xidmətlərinin avtomobil sektorunda xidmətlərin həcmi artaraq 479 milyon 976,5 min manat, rabitə müəssisələrində 34 milyon 835 min manat, iaşə müəssisələrində isə 56 milyon 245,9 min manat təşkil etmişdir. Ümumilikdə, 2015-ci ilin əvvəlindən pullu xidmətlərin həcmi 2014-cü ilə nisbətən 14,8 faiz artaraq, 632 milyon 836,3 min manat olmuşdur. Əlbəttə, bu statistika da rayon əhalisinin maddi durumunun yaxşılaşdığını göstərən əsas arqumentlərdən biri hesab olunmalıdır.

Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, son illər rayonun istehsal potensialında özəl bölmənin payı sürətlə artmaqdadır. Ötən il bu bölmənin müəssisələri  tərəfindən əhaliyə 568 milyon 831,6 min manatlıq və ya 2014-cü ildəkindən 58,7 faiz çox pullu xidmətlər göstərilmişdir.

Amma əhalinin rifah halının yaxşılaşmasının, ölkədə yoxsulluğun tam aradan qaldarılmasının, dövlət başçısı İlham Əliyevin dediyi kimi, bir yolu var- əhalinin işlə təmin olunması, işsizliyin aradan qaldırılması. Bu gün dünyanın elə bir qabaqcıl, inkişaf etmiş ölkəsi yoxdur ki, orada işsizlik ciddi problem olaraq insanların həyatına müdaxilə etməsin. Dünyanı cənginə alan maliyyə iqtisadi böhran daha amansız şəkildə insanların sosial rifahına zərbə vurur. Həyata keçirilən tədbirlər göstərir ki, rayon rəhbərliyi dövlət başçısının, təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıyan bu strateji tapşırığını daim diqqətdə saxlayır. Apardığımız araşdırmalardan görürük ki, son 12 ildə 43 min 232 iş yeri yaradılmışdır ki, onun 43 min 26-sı daimidir. 2015-ci ildə yaradılan 5 min 125 yeni iş yerindən isə 789-u yeni yaradılmış müəssisələrdə, 1 min 268-i mövcud müəssisələrdə, 218-i fəaliyyətini bərpa etmiş müəssisələrdə, 2 min 850-si isə fiziki şəxslər tərəfindən yaradılmış iş yerləridir. İlin sonuna olan məlumata görə rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 2 min 751 vətəndaşdan 2 min 414-ü iş axtaran kimi qeydiyyatdan keçmiş, 495 nəfəri daimi işlə təmin olunmuş, 190 nəfərə işsizlik müavinəti təyin olunmuşdur. Bu onu göstərir ki, rayonda əmək ehtiyatlarından düzgün və səmərəli istifadə olunması məqsədilə işləməyən əhalinin uçotunun aparılması, keçirilən əmək yarmarkalarının səmərəliliyinin artırılması məqsədilə lazımi tədbirlər görülür.

Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov söhbət zamanı bildirdi ki, ötən il bu sosial məsələrlə yanaşı, əhalini ən çox narahat edən məsələ kommunal xidmət sahələrində mövcud olan nöqsan və çatışmazlıqlar olmuşdur. Onların az bir vaxtda aradan qaldırılması üçün icra başçısının sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətində kommunal xidmət idarələrinin işininin əlaqələndirilməsi üçün komissiya yaradılmışdır. Komissiyanın əhalinin şikayətlərinə operativ reaksiyası və kommunal xidmət idarələrinin işini əlaqələndirməsi nəticəsində “Azəristiliktəchizat” ASC-nin rayonda fəaliyyət göstərən struktur bölmələri mərkəzi və məhəllədaxili xəttlərdə, zirzəmilərdəki aşağı paylama xəttlərində əsaslı və cari təmir işləri aparmış, qazanxana və istilik məntəqələrindəki avadanlıqların təmirini başa çatdırmış, 270 siyirtmə dəyişdirimiş və ya təmir olunmuş, 27 kilometr istilik kəməri yuyularaq hidravlik təzyiqlə sınaqdan keçirilmişdir. Bu isə payız qış mövsümündə mərkəzləşdirilmiş istilik xəttinə qoşulmuş yaşayış binalarının və sosial obyektlərin istilik enerjisi ilə təminatına imkan vermişdir. Bununla yanaşı, qaz təchizatındakı fasilələr də minimuma endirilmiş, əhaliyə verilən qazın təzyiqinin norma daxilində saxlanılmasına nəzarət artırılmışdır. Rayonda ümumilikdə 8 min 490 poqonametr yeni qaz xətti çəkilmiş, 87 min 939 abonentə “Smart-kart” tipli sayğac quraşdırılmışdır.

Əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı da daim nəzarətdə saxlanmış, H.Aslanov yaşayış sahəsində və “Ağ şəhər”ərazisində yarımstansiyaların tikintisi başa çatdırılaraq istifadəyə verilməklə yanaşı, yüksək gərginlikli H.Aslanov-Liman hava xəttinin yeraltı kabellə əvəz olunması işləri davam etdirilmiş, Əhmədli yaşayış sahəsindəki Mehmandarov küçəsində 110 kilovoltluq yarımstansiyada yenidənqurma işləri aparılmışdır. Təkcə rayon enerji təchizatı və satışı idarəsi tərəfindən rayonun müxtəlif ərazilərində 15 min poqonametrdən çox müxtəlif ölçülərdə kabel xətləri təmir olunmuşdur. Sevindirici haldır ki, əhalinin enerji haqlarının ödəniş faizi də yüksək olmuşdur.

Artıq neçə ildir ki, dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələrdən biri də paytaxt ərazisində əhalinin fasiləsiz su təchizatını təmin etməkdir. Etiraf etmək lazımdır ki, indi Bakıda bu tapşırıq demək olar ki, yerinə yetirilməkdədir. Amma işlər tam yekunlaşmadığından bütün paytaxtda olduğu kimi, Xətai rayonunda da bu işlər yüksək sürətlə davam etməkdədir. Ötən il “Azərsu” ASC-nin balansında olan, Dövlət Mənzil Fonduna daxil edilmiş 636 yaşayış binasının zirzəmisindəki su və kanalizasiya xətləri əsaslı təmir olunmuş, 789,3 poqonametr su xətti dəyişdirilmiş, sayğaclaşma 85,6 faiz, 24 saat su ilə təmin olunan əhalinin sayı 243 min 35 nəfərə çatdırılmışdır.

Son illər əhalinin, xüsusilə hündürmərtəbəli binalarda yaşayanların razılıqla qarşıladığı xidmətlərdən biri də liftlərin əsaslı təmiri və yeniləri ilə əvəz olunmasıdır. Ötən il Xətai rayonu ərazisində Bakı Şəhər "Lifttəmir" İstehsalat Birliyinin 3 saylı "Baklift" İxtisaslaşdırılmış İstehsalat İdarəsi və “ТЕМP” dövlət müəssisəsi tərəfindən hündürmərtəbəli yaşayış binalarında 1 min 846 liftə texniki xidmət göstərilmişdir. 3 saylı "Baklift" İxtisaslaşdırılmış İstehsalat İdarəsinin xidməti ərazisində liftlərin müvəqqəti dayanması 0,25 faizə enmişdir. Bu da ondan irəli gəlir ki, hər iki idarə birlikdə istismar müddəti başa çatmış 797 lifti yenisi ilə əvəz etmiş, 212 lifti əsaslı təmir edib istismara vermişlər.

Paytaxtın inkişafına xüsusi töhfələr verən, Xətai rayonunda 8 məktəbin, bir poliklinikanın, mərkəzi kitabxananın, üç məktəbdə əlavə tədris korpusunun, musiqi və şahmat məktəblərinin tikintisini, 8 məktəbdə idman meydançalarının yenidən qurulmasını, bir peşə liseyinin, bir uşaq evinin və üç uşaq bağçasının əsaslı təmirini, bir uşaq bağçasının yenidən tikintisini nəzərdə tutan “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası da uğurla həyata keçirilmişdir.

Xətai rayonunda diqqət çəkən əsas işlərdən biri də son illər, xüsusilə 2015-ci ildə bir çox yerlərdə əhalinin rahat və mənalı istirahəti üçün yeni park və xiyabanların tikintisidir. Yusif Səfərov və Sabit Orucov küçələrinin kəsişməsində salınan yeni bir park təkcə oranın yaşıllaşdırılması və abadlaşdırılması ilə başa çatmamışdır. Həm də parkın ətrafındakı beş hündürmərtəbəli yaşayış binasının fasadlarında əsaslı təmir işləri görülmüş, ətraf ərazinin abadlaşdırılması məqsədilə Firuz Qəmbərov küçəsi ilə Sabit Orucov küçəsinin kəsişməsindəki 11 metal konstruksiyalı və 19 daşdan tikilmiş qaraj, həmçinin 11 bir mərtəbəli yaşayış binası sökülmüş və sahiblərinə kompensasiya ödənilərək köçürülmüşlər. Həmin ərazi də parkın ümumi görünüşünə görə abadlaşdırılmışdır.

Bu parkın önündə, elə ötən il ölkə başçısı İlham Əliyevin iştirakı ilə açılışı olmuş Yusif Səfərov küçəsindəki yeni fəvvarələr və şəlalələr kompleksi isə ərazidə çox möhtəşəm və yaraşıqlı bir ansambl yaratmışdır ki, bu da insanların asudə vaxtlarda istirahətinə ən gözəl töhvə olmuşdur.

Bu sahədə orjinallığı ilə seçilən bağ isə ötən ilin oktyabrında ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda salınanYapon bağı olmuşdur. Yaponiya mütəxəssislərinin səyləri ilə Bakı şəhərində ilk dəfə xüsusi dizayna malik, 600 kvadratmetr sahədə salınan bu bağda gündoğar ölkənin qədim mədəniyyətini, folklorunu və milli memarlıq üslubunu özündə əks etdirən atributlar, Tori qapısı quraşdırılmış, İtaliyanın Pistoia şəhərindən xüsusi olaraq gətirilən Sakura, Aser, Pinus və digər yapon mənşəli dekorativ ağac və gül kolları əkilmişdir. Bu gün həmin bağa, təkcə Xətai rayonunun yox, bütün Bakının sakinləri və paytaxtımızın qonaqları böyük maraqla tamaşa edirlər.

Respublika Prezidentinin strateji sahələrdən biri kimi daim qayğı göstərdiyi təhsil sahəsi də rayonda diqqət mərkəzindədir. Dövlət Proqramlarına uyğun olaraq rayonda yeni məktəb binalarının tikintisi, uyğun binaların əsaslı təmiri və müasir tədris vasitələri ilə təmin olunması artıqbir neçə ildir ki, öz bəhrələrini verməkdədir. Təkcə 2014-2015-ci tədris ilində rayonun 37 məktəbinin 2 min 367 məzunu ali məktəblərə qəbul üçün sənəd vermiş və 1 min 576 nəfəri, yəni 66,58 faizi müvəffəq nəticə göstərərək ali məktəblərə qəbul olmuşdur. Ali məktəblərə qəbul olanların 227 nəfəri 500-dən yuxarı bal toplamışdır. 650 baldan yuxarı bal toplamış 40 nəfər məzun isə rayonun 19 məktəbinin yetirməsidir. Məktəbi qızıl medalla bitirmiş 5 məzun da yüksək nəticələr əldə edərək ali məktəblərə daxil olmuşdurr.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə rayondan bir nəfər “Əməkdar müəllim” adına, iki nəfər “Tərəqqi” medalına, ali məktəbə qəbul olunmuş 6 məzun isə Prezident təqaüdünə layiq görülmüşdür.

Ötən ilin bir əlamətdar hadisəsi də Xətai rayonunun 2007-ci ildən qardaşlaşdığı Türkiyə Respublikasının Tarsus şəhəri ilə birgə gerçəkləşdirdikləri layihələrdir. Tarsus şəhər bələdiyyəsinin qərarı ilə hələ 2011-ci ildə bu şəhərdə ulu öndər Heydər Əliyevin adına körpü salınmışdı. Sonrakı illərdə gerçəkləşən qarşılıqlı səfərlər zamanı ümummilli lider Heydər Əliyevin adını daşıyan körpünün yaxınlığında 2,5 hektar ərazidə yeni parkın salınması və həmin parka ulu öndərin adının verilməsi və burada abidəsinin ucaldılması barədə razılıq əldə edilmişdi. Ötən  ilin may ayında isə parkın və ulu öndər Heydər Əliyevin parkda ucaldılmış abidəsinin təntənəli açılış mərasimi olmuşdur. Bunu da tərəddüd etdmədən Xətai rayonunun qardaş Türkiyə ilə münasibətlərin daha da yaxınlaşdırılmasına verdiyi siyasi töhfə kimi qeyd etmək lazımdır.

Prezident İlham Əliyevin bütün nitqlərində və çıxışlarında “yerlərdəki icra strukturları və burada çalışan məmurlar vətəndaşlara xidmət etməyə borcludur” bəyanatını Xətai Rayon İcra Hakimiyyəti özü üçün mühüm bir tapşırıq kimi qəbul etmişdir. Onların bu tapşırığa necə əməl etməsini isə əhslinin müraciətlərinə cavablarından daha aydın görmək olur. Statistika göstərir ki, 2013-cü ildə rayon icra hakimiyyətinə 3min 944 vətəndaş müraciəti daxil olmuşdursa, bu rəqəm 2014-cü ildə 3 min 60-a, ötən il isə 2 min 973-ə enmişdir. 2013-cü ildə daxil olmuş şikayət məzmunlu müraciətlərin sayı 1 min 621 olmuşdursa, 2014-cü ildə 804, 2015-ci ildə isə 352 olmuşdur. Bu isə vətəndaşların problemlərinin əsasən həll olunduğunu, inzibati ərazi icra nümayəndəliklərinin vətəndaşlarla sıx əlaqədə işlədiyini göstərir.

Rayon icra hakimiyyətinin bu il fevralın 29-da keçirilən illik hesabat yğıncağında görülən işlər, həyata keçirilən tədbirlər haqqında daha geniş və ətraflı məlumat verilmişdir.

***

Xətai Rayon İcra Hakimiyyətinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları  ilə əlaqədar hesabat yığıncağı başlanmamışdan əvvəl, Milli Məclisin deputatları, qonaqlar və toplantıda iştirak edən rayon ictimaiyyətinin nümayəndələri Heydər Parkına gəlib ümummilli liderin xatirəsini ehtiramla yad edib, abidəsi önünə tər çiçək dəstələri qoydular.

Xətai Rayon İcra Hakimiyyətinin geniş iclas salonunda keçirilən yığıncağı rayon hakimiyyətinin başçısı Razim Məmmədovun hesabat məruzəsilə başladı. Natiq qeyd etdi ki, Azərbaycanda, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş  strateji inkişaf xətti 2015-ci ildə də uğurla davam etdirilərək, ölkənin sosial-iqtisadi inkişafının  bir çox istiqamətlərində əhəmiyyətli uğurlar əldə olunmuşdur.

Nazirlər Kabinetinin bu il yanvarın 10-da keçirilən geniş iclasında Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, “bu gün bölgədə gedən proseslər, qanlı toqquşmalar, iqtisadi tənəzzül, ilin əvvəlindən neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi gəlirlərimizin azalmasına səbəb olmuş, iqtisadi inkişafımıza  mənfi təsir göstərmiş, əvvəlki illərdə olan inkişaf əldə edilməmişdir. Lakin aparılan islahatlar nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilmiş, ölkə iqtisadiyyatında yenə də artım olmuşdur.

İqtisadiyyatımızın mənfi təsirlərə qarşı yüksək dayanıqlılıq nümayiş etdirərək davamlı inkişaf etməsi Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində yaradılmış siyasi və makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar, o cümlədən iqtisadiyyatın neft amilindən asılılığının azaldılması, biznes mühitinin sağlamlaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi sayəsində mümkün olmuşdur.

Sonra Razim Məmmədov 2015-ci ildə rayonda görülən  işləri geniş təhlil edərək bildirmişdir ki, Xətai rayonunun sosial- iqtisadi göstəriciləri də yüksək olmuşdur. Ötən ildə rayonun iqtisadi və sosial sahələrində baş vermiş dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər təhlil edilərkən müəyyən olunmuşdur ki, rayonda əhəmiyyətli infrastruktur və sosial layihələr uğurla həyata keçirilmiş, geniş abadlıq və quruculuq işləri davam etdirilmiş, məhsul istehsalı və xidmət sahələrinin dinamik inkişafı təmin olunmuş, onlara mütənasib olaraq sosial məsələlər uğurla həll edilmişdir.

Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseyinbala Mirələmov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev və başqaları  hesabat yığıncağında çıxış edib Xətai rayon İcra Hakimiyyəti başçısının 2015-ci ildə gördüyü işləri qənaətbəxş qiymətləndirdilər və qarşıda duran vəzifələrin uğurla icra olunması üçün ona və rəhbərlik etdiyi kollektivə uğurlar arzuladılar         Tağı Tağıyev əldə olunan uğuurlarla kifayətlənməməyi və cənab Prezident İlham Əliyevin dünya maliyyə - iqtisadi  böhranının davam edəcəyi dövrdə, Azərbaycan üçün irəli sürdüyü  strategiyanı uğurla həyata keçirilməsи üçün daha böyük səylə çalışmağı tövsiyyə etdi.

Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.

Keçidlər