64 nömrəli məktəbdə sakinlərlə növbəti səyyar görüş keçirildi
Mayın 26-da 64 saylı tam orta məktəbdə keçirilən görüşdə rayon İcra hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, rayonun 94 yaşlı sakini, qocaman pedaqoq Qurbanəli Əlizadə, hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər işçiləri iştirak ediblər.
Qəbulda çıxış edən İcra başçısı Rafiq Quluyev cənab Prezidentin müdrik səyləri ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin bəhrələrini sadalayaraq əldə olunan uğurların xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. İcra başçısı 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər Milli Ordumuzun düşməni məhv edib torpaqlarımızı işğaldan azad etməsini və azad olunmuş ərazilərdə başlanmış nəhəng quruculuq işlərinin də məhz bu uğurlu siyasi kursun bəhrəsi olduğunu xüsusi vurğulayıb.
YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək bildirib ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, sosial layihələr həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində cari ildə imzaladığı fərman və sərəncamlar hər bir ailəni əhatə etmişdir.
Səyyar qəbulda iştirak edən rayonun 94 yaşlı sakini, qocaman pedaqoq Qurbanəli Əlizadə çıxış edərək, ölkədə gedən nəhəng quruculuq işlərindən, abadlaşan, gözəlləşən şəhər və rayonlarımızdan, insanların rifah halının yaxşılaşmasından, həmçinin yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb.
Görüşdə sakinlərin arzu və təkliflər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndiriblər, ölkə Prezidenti və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.