Şriftin ölçüsü :

Saytın rəngi :

İdmana qayğı sağlam gələcəyə qayğıdır.

20 dekabr 2012 | 11:00

19 dekabr 2012-ci il tarixində Xətai rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə İdman ilinin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.Respublikanın və Xətai rayon idman ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirdi ki, Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “İdman ili” elan etdiyi 2012-ci il həqiqətən müstəqillik tariximizə böyük nailiyyətlər və qələbələrlə yazıldı. İdmanımızın inkişaf tarixində yeni mərhələnin başlanğıcı olan bu ildə Azərbaycan olmpiyaçıları London Olimpiadasında rekord sayda -2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmışlar. Son illər bu sahədə əldə edilmiş nailiyyətlərin təhlili göstərir ki, hər növbəti Olimpiadada idmançılarımızın qazandığı medalların sayı və Azərbaycan olimpiya yığması üzvlərinin sayı ilə yanaşı, respublika idmançılarının bu oyunlarda ən güclü rəqib adına iddia etdikləri idman növlərinin də sayı artır. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan Prezidenti həyatımızın digər sahələri kimi, idmana və xüsusilə Olimpiya hərəkatına da xüsusi diqqət və qayğı ilə yanaşır.
Natiq daha sonra bildirdi ki, məhz bu il 17 yaşlı qızlar arasında Futbol üzrə dünya çempionatının Azərbaycanda təşkil edilməsi, güləş, boks, avarçəkmə, cüdo və digər ənənəvi idman növləri üzrə çoxsaylı beynəlxalq turnirlərin yüksək səviyyədə keçirilməsi, sözün əsl mənasında, ölkəmizi dünyanın idman mərkəzlərindən birinə çevirmişdir.
Rayon icra hakimiyyətinin başçısı bildirdi ki, 2015-ci ildə şahmat üzrə Dünya Kuboku, 2016-cı ildə isə Şahmat Olimpiadasının Bakıda keçirilməsinin ardınca, 2015-ci ildə Avropa Olimpiya Oyunlarının da ilk dəfə olaraq ölkəmizdə keçiriləcəyi xəbəri respublikamızın beynəlxalq aləmdə necə böyük nüfuza malik olduğunu göstərir. Natiq “İdman ili” çərçivəsində rəhbərlik etdiyi Xətai rayonunda da idmanın bir çox sahələrinin inkişafı üçün kompleks işlər görüldüyünü diqqətə çatdırdı və qeyd etdi ki, bunun nəticəsi olaraq məhz bu il Xətai rayonunun məktəbliləri Bakı şəhər məktəblilərinin 24-cü spartakiadasının qalibi olmuş, bir çox idmançılarımız beynəlxalq yarışlardan yüksək əyarlı medallarla qayıtmışlar.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov da son 20 ilə yaxın bir müddətdə idman sahəsində qazanılan saysız-hesabsız uğurlarda Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin müstəsna xidmətləri olduğunu vurğuladı. Natiq qeyd etdi ki, respublikanın bütün bölgələrində tikilən ən müasir idman qurğuları, idmançıların sosial məişət şəraitinə göstərilən diqqət və qayğı qazanılan uğurlarda çox əhəmiyyətli rol oynamışdır. Natiq çıxışının sonunda idmançılara yeni-yeni uğurlar arzulayaraq bildirdi ki, Azərbaycanın üçrəngli bayrağını mötəbər beynəlxalq yarışlarda yüksəklərə qaldıran hər bir idmançı ölkəmizin müstəqillik salnaməsinə yeni şərəfli bir səhifə yazır. Bu, bütün xalqımıza qürur verir.
Sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Bakı şəhər Təhsil idarəsinin rəis müavini Məhəmməd Bayramov, London Olimpiadasında “Qızıl fit” mükafatı almış hakim Hicran Şərifov və digər şəxslər çıxış edərək, Ölkə başçısının rəhbərliyi ilə Respublikamızın idman sahəsində əldə etdiyi uğurlardan , qəbul olunmuş dövlət proqramlarının icrasından, maddi texniki bazanın gücləndirilməsindən söz açmış, rayon idmançılarına yeni uğurlar arzulamışlar.Çıxışlarda belə bir fikir də xüsusi vurğulandı ki, idmana göstərilən qayğı sağlam gələcəyimizin yetişməsinə göstərilən qayğıdır.
Rayon Gənclər və İdman idarəsinin rəisi Əfqan Rzayev hesabat xarakterli çıxış edərək bildirdi ki, Rayonumuzda 12 idman klubu, Azərbaycan Futbol Federasiyası, Sərhədçi Olimpiya Mərkəzi, Dinamo İdman Cəmiyyəti və 15 saylı idman məktəbi fəaliyyət göstərir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Razim Məmmədovun imzaladığı sərəncama uyğun olaraq rayon məktəblilərinin XXIV spartakiadası (10 idman növü,oğlanlar və qızlar üzrə) keçirilmişdir. 2011-2012-ci tədris ilinin nəticələrinə görə ümumi komanda hesabında rayon üzrə I yerə 269 saylı məktəb, II yerə 138 saylı məktəb, III yerə isə xalların hesabına görə 2 məktəb 204 və 264 saylı məktəblərin komandaları tutmuşlar. Rayon yarışlarının qalibləri şəhər məktəbliləri arasında keçirilən yarışlara vəsiqə qazanmış, 2011- 2012- ci tədris ilində çox uğurla çıxış edərək Xətai rayonu 11 rayon arasında yekun nəticələrə görə XXIV Bakı şəhər Spartakiadasının qalib adını qazanmışdır. Bununla yanaşı Vətənin Müdafiəsinə Hazıram devizi altında keçirilən “Poliatlon” yarışlarında rayonumuzun komandası həm Bakı şəhər həm də Respublika birinciliyinin qalibi olmuşlar.Həmin yarışlar ildə iki dəfə həm payız, həm də yaz aylarında çağrışyaşlı gənclər arasında keçirilir.Əvvəlki illər də daxil olmaqla hərbi vətənpərvərlik sahəsindəki uğurlarımız çox böyükdür. 2012- ci ilin noyabr ayında C.Naxçıvanski adına hərbi liseyin komandası Bakı şəhəri üzrə I yerə layiq görülmüşdür.
Dünya və Avropa yarışlarında rayonumuzu təmsil edən idmançılardan danışan Əfqan Rzayev bildirdi ki, Şahlar Mustafayevin yetirməsi İslam Qasımov Minsk şəhərində keçirilən sambo üzrə Dünya çempionatının qızıl medalını qazanmışdır. Bu günlərdə 15 saylı idman məktəbinin voleybol komandası yenə həmin şəhərdə Avropa birinciliyində III yerə çıxmışlar. 171 saylı məktəbin şagirdi Alişan Orucov Taekvando üzrə yeniyetmələr arasında Avropa birinciliyinin qalibi olmuşdur. Rayonumuzun sakini olan Əhmədov Mustafa Sahib oğlu Paurliftinq üzrə dəfələrlə Dünya və Avropa çempionu olmuşdur. 18 dekabr 2012-ci ildə Prezdentimiz İham Əliyev idmançılarla görüşmüş və Əhmədov Mustafa Sahib oğlunu mənzillə mükafatlandırmışdır. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin kollegiyası tərəfindən Xətai rayonundan 4 nəfərə Respublikanın Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adı verilmişdir.Ümumiyyətlə rayon Gənclər və İdman idarəsi tərəfindən 2012- ci ildə 30-dan çox idman tədbiri həyata keçirildiyi bildirildi.
Sonra Bakı şəhər məktəblilərinin 24-cü spartakiadasının qalibləri, beynəlxalq turnirlərdə fərqlənmiş rayon idmançıları və onların məşqçiləri mükafatlandırıldılar.
Tədbir incəsənət ustalarının hazırladığı konsert proqramı ilə davam etdi.
 

Keçidlər