HEYDƏR PARKINDA NOVRUZ BAYRAMI MÜNASIBƏTILƏ ÜMUMRAYON ŞƏNLIYI KEÇIRILDI
Heydər Əliyev parkında baş tutan tədbirdə rayon rəhbərliyi, millət vəkilləri, rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə, ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüb, ehtiramlarını bildirdilər.
Tarixi, çox qədim olan Novruz bayramı respublikamızın hər yerində olduğu kimi Xətai rayonunda da böyük təntənə ilə qeyd olunur. Hər il rayon icra hakimiyyəti tərəfindən təşkil olunan bayram şənliyində minlərlə rayon sakini iştirak edir. Qədim xalq çalğı alətlərin sədaları altında kəndirbaz və pəhləvanların rəngarəng maraqlı çıxışları, parkın müxtəlif yerlərində qədm folklor nümunələrin, novruz atributları isə bayram tədbirində yaddaqalan anlardan oldu. Sonra adət-ənənəyə uyğun olaraq, bayram tonqalı qalandı. Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bayram tonqalını yandıraraq, tədbir iştirakçılarının timsalında bütün Azərbaycan xalqını bayram münasibətilə təbrik etdi, xalqımıza sülh və əmin-amanlıqla dolu il arzuladı.Milli geyimli rəqqasların, zurnaçıların müşaiyyəti ilə meydanda dövrə vuran Dədə Qorqudla Bahar qızı yazın gəlişini müjdələməklə rayon sakinlərinin əhval-ruhiyyəsinə bir daha bayram ovqatı qatdılar.
Xalqımızın milli-mənəvi dəyərləri və adət-ənənələrinin qorunub saxlanması və daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevin xidmətləri xüsusilə vurğulandı. Qeyd olundu ki, əsrlərin sınağından çıxan mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaradıb. Təbiətin torpağın oyanmasını xəbər verən Novruz həm də sağlamlığın, firavanlığın başlanğıcıdır.
Bayram tədbiri tanınmış incəsənət ustalarından əməkdar artistlər Lalə Məmmədovanın, Ruhəngiz Allahverdiyevanın və başqalarının, “Səma” rəqs qrupunun, eləcə də el sənətkarları və aşıqların ifasında konsert proqramı ilə davam etdirildi.