Naxçıvanlı şagirdlər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
Bakı, 16 mart, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasından yola salınan şagirdləri Bakıya gətirən təyyarə martın 16-da axşamüstü Heydər Əliyev Beynəlxalq Aeroportunda yerə enib.
AZƏRTAC xəbər verir ki, üzərinə “Ölkəmizi tanıyaq”, “Novruz bayramınız mübarək”, “Əziz naxçıvanlılar, Bakı şəhərinə xoş gəlmisiniz!”, “Bakı məktəbliləri sizi salamlayırlar” sözləri yazılmış banerlər quraşdırılan foyedə tur-aksiya iştirakçılarını folklor və rəqqaslar qrupu, Novruzun rəmzləri sayılan Kosa, Keçəl, Bahar qızı, əllərində səməni və bayram xonçaları olan milli geyimli qızlar qarşılayıblar.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elşən Qəbulov AZƏRTAC-a müsahibəsində bildirib ki, muxtar respublikadan IX-XI siniflərdə təhsil alan 150 şagird, 20 bələdçi-müəllim Bakıya gəlib. Budəfəki səyahət Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən məktəblilər üçün daha yaddaqalan olacaq.
Şagirdlər tur-aksiyada iştirak etdiklərinə görə çox sevindiklərini, arzularının reallığa çevrildiyini söyləyib, Bakıya səfərdən zəngin təəssüratlarla qayıdacaqlarına inandıqlarını bildiriblər. Onlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür ediblər.
Martın 19-dək davam edəcək səyahət zamanı şagirdlər Bakıda Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, Heydər Əliyev Mərkəzi, Qız qalası, Şirvanşahlar sarayı, Milli Azərbaycan Tarixi Muzeyi, İncəsənət, Xalça muzeyləri, “Atəşgah” məbədi və digər mədəni-tarixi yerlərlə tanış olacaqlar.