Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış yarmarkasında alıcılar və satıcılar üçün hər cür şərait yaradılmışdır.

23 dekabr 2012 | 11:00

22 dekabr 2012-ci il tarixində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov və Kənd təsərrüfatı naziri İsmət Abasov Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya gələrək burada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olmuş, məhsulların keyfiyyəti, paytaxt sakinlərinin rəy və təklifləri ilə maraqlanmışlar.
Yarmarkaya Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara və digər rayonlardan 250 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları gətirilmişdir. Yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti daha çox cəlb etmişdir. Yarmarkanın yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Piştaxtalarda bazara çıxarılmış məhsullar və qiymətləri əks olunmuş lövhə qoyulmuşdur ki, bu da əhalinin bazara hansı kənd təsərrüfatı məhsullarının çıxarıldığını, onların hansı qiymətə satıldığını əvvəlcədən bilməsinə səbəb olurdu. Həmçinin alıcıların razılığını təmin etmək məqsədi ilə bazarda nəzarət tərəzisi qoyulmuş, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilmişdir.
Yarmarkada kartof, soğan, meyvə, tərəvəz, ağartı, ət və digər məhsullar bazarlardakından 20-25 faiz ucuz satılır. Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Baytarlıq Xidməti tərəfindən diqqətlə yoxlanılır və sonra satışına icazə verilirdi. İsmət Abasov jurnalistlərə müsahibəsində bildirmişdir ki, yarmarkadakı qiymətlər bazarlardakından xeyli aşağıdır. Kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilbəil artır. Məhsul istehsalı artdıqca qiymətlərin də aşağı düşməsi tendensiyası özünü göstərir.
Yarmarkada qoyun ətinin kiloqramı 5 manat 50 qəpiyə-6 manata, mal əti 4-5 manata, soğan, kələm, balqabaq 25-30 qəpiyə, xiyar 60-70 qəpiyə, kartof, alma, xurma 40-60 qəpiyə, heyva 80 qəpiyə, yumurtanın bir ədədi 8 qəpiyə təklif olunurdu.
Sakinlər istədikləri məhsulları həvəslə alır, yarmarkanın uzunmüddətli olmasını arzuladılar. Eyni zamanda, istehsal etdikləri məhsulları sərfəli qiymətə maneəsiz satan fermerlər də yarmarkaların təşkilindən razı olduqlarını söylədilər. Alıcılar ailə büdcələrinə xeyli kömək edən yarmarkaların təşkilinə görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.
 

Keçidlər