Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz son mənzilə yola salındı

05 aprel 2016 | 11:00

Qoşunların təmas xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan Milli Ordunun əsgəri Müşviq Arif oğlu Orucov bu gün son mənzilə yola salınıb.
1994-cü il təvəllüdlü şəhid Müşviq Orucov 2015-ci ilin iyun ayında Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmət çağırılıb. Şəhidin cənazəsi ötən gecə yaşadığı ünvana gətirilib. Şəhidin yaxınları ilə yanaşı Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov, Zəngilan rayon icra hakimiyyətinin başçısı Ramiz Həsənov, Milli Məclisin deputatı
İmamverdi İsmayılov, ali təhsil ocaqların rəhbərləri, zabit və əsgərlər, icra
strukturları və hüquq-mühafizə orqanlarının təmsilçiləri, Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, o cümlədən yerli ictimaiyyətin nümayəndələri və yüzlərlə şəhər sakinləri qəhrəman vətən oğlunu son mənzilə yola salmaq üçün onun yaşadığı evin qarşısına toplaşdılar.
Şəhidin atası Arif Orucov bildirdi ki, onun oğlu vətənin müdafiəsi zamanı şəhid olub. Və o bununla fəxr edir. Onun sözlərinə görə bu gün hər bir Azərbaycan vətəndaşı Ali Baş komandanın əmrini gözləyir. Müşviq Orucov evin tək oğlu idi. O, ali məktəbə imtahan zamanı ən yüksək 700 bal toplayaraq Texniki Universitetə daxil olmuşdu. Prezident təqaüdçüsü idi. Texniki sahədə təhsil alıb və daha sonra hərbi xidmətə yollandı. Hərbi xidmətini başa vurmağına cəmi iki ayı qalmışdı ki, cəbhənin Tərtər-Goranboy istiqamətində aprelin 2-dən 3-nə keçən gecə erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid oldu.
Qılınan namazdan sonra Milli Ordunun əsgəri şəhid Müşviq Arif oğlu Orucov böyük izdihamla son mənzilə yola salındı. Şəhidimizi yola salma mərasimində “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, vətən bölünməz!” və başqa şüarlar səsləndirildi.
Sonra şəhdin cənazəsi Hövsan qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbristanlığına gətirildi. Vida mərasimində bildirildi ki, Azərbaycan Ordusunun qısa müddətdə həyata keçirdiyi əks-həmlə zamanı erməni hərbi birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti bəzi istiqamətlərdə yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən azad olunub. Döyüşlərdə ermənilərə məxsus xeyli hərbi texnika və canlı qüvvə məhv edilib.
Sonra 3 dəfə yaylım atəşi açıldı. Şəhidin tabutu üzərinə çəkilən üçrəngli Azərbaycan bayrağı əbədi xatirə olaraq atasına təqdim edildi.

Keçidlər