Şriftin ölçüsü :

Saytın rəngi :

Qoşunların təmas xəttində erməni təxribatının qarşısını alarkən şəhid olan Milli Ordunun əsgəri son mənzilə yola salındı

07 aprel 2016 | 11:00

Qoşunların təmas xəttinin Tərtər-Goranboy istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan Milli Ordunun əsgəri Əzizzadə Xaliq Həsən oğlu da bu gün son mənzilə yola salındı. 1996-ci il təvəllüdlü şəhidimiz 2015-ci ildə Xətai rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmət çağırılıb. Şəhidin cənazəsi ötən gecə yaşadığı ünvana gətirilib. Şəhidin yaxınları ilə yanaşı Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov, rayonun idarə müəssisə rəhbərləri, zabit və əsgərlər, hüquq-mühafizə orqanlarının təmsilçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, o cümlədən yerli ictimaiyyətin nümayəndələri və yüzlərlə şəhər sakinləri qəhrəman vətən oğlunu son mənzilə yola salmaq üçün onun yaşadığı evin
qarşısına axın etdilər. 
Şəhidin atası Həsən Əzizzadə bildirdi ki, onun oğlu vətənin müdafiəsi zamanı şəhid olub. Və o bununla fəxr edir. Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan anadan olan  Xaliq Əzizzadə öz yaşıdları arasında hər zaman öz bacarığı və vətənpərvərliyi ilə seçilib. Xətai rayonu 116 saylı orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Ötən gün cəbhənin Tərtər-Goranboy istiqamətində aprelin 4-dən 5-nə
keçən gecə erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid oldu.
Sonra  Milli Ordunun əsgəri şəhid Xaliq Əzizzadə  böyük izdihamla son mənzilə yola salındı. Şəhidimizi yola salma mərasimində “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, vətən bölünməz!” və başqa şüarlar səsləndirildi.
  Sonra şəhidin cənazəsi Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən qəbiristanlığına gətirildi. Cənazə namazı qılındıqdan sonra şəhidimizin cənazəsi dövlət himninin sədaları altında dəfn edildi.
Şəhidin tabutu üzərinə çəkilən üçrəngli Azərbaycan bayrağı əbədi xatirə olaraq atasına təqdim edildi.

Keçidlər