Milli Məclisin Gənclər və İdman Komitəsinin təşkilatçılığı və Xətai rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Ordumuza dəstək" adlı tədbir keçirilib.
06.04.2016-cı il tarixdə millət vəkillərinin, gənclər təşkilatlarının nümayəndələrinin, incəsənət xadimlərinin, idmançıların, tələbələrin iştirakı ilə baş tutan tədbirdə əvvəlcə dövlət himnimiz səsləndirilib, şəhidlərimizin ruhu ehtiramla anılıb.
Tədbirdə çıxış edən Milli Məclisin gənclər və İdman Komitəsinin sədri Fuad Muradov bildirib ki, işğal olunmuş torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası ən vacib məsələmizdir:
“Bu həm hərbi, həm də siyasi yolla həll edilməlidir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz düşmənə sarsıdıcı zərbələr endirib və işğal altında olan torpaqlarımızın bir qismi azad edilib. Bu münasibətlə xalqımızı təbrik etmək istəyirəm. Düzdür şəhidlərimiz və yaralılarımız da oldu, lakin bu zəfər xalqımızın tarixinə qızıl hərflərlə yazılacaq, qələbələrimiz davam edəcək”.
Gənclər və İdman Komitəsinin sədr müavini Ülvi Quliyev, Komitənin üzvü Adil Əliyev, millət vəkilləri Rövşən Rzayev, Elşad Həsənov Sevinc Hüseynova, Mahir Abbaszadə çıxış edərək bildiriblər ki, Azərbaycan öz torpaqlarının azad etməyə tam qadirdir. Son günlərdə təmas xəttində baş verən hadisələr zamanı xalqımızın, xüsusilə də gənclərimizin həmrəylik nümayiş etdirməsi və bir yumruq olaraq birləşməsi təqdirəlayiqdir. Qeyd edildi ki, Ermənistan münaqişənin uzanmasına çalışırdı və bu vasitə ilə bir mif formalaşdırmaq istəyirdi ki, Azərbaycan öz torpaqlarını azad etmək qüdrətində deyil. Lakin ölkə rəhbərliyinin qətiyyətli mövqeyi və xalqımızın əzmi sübut etdi ki, Azərbaycan ordusu və milli birliyimiz istənilən yad qüvvənin qarşısında dayanmağa hazırdır.
Gənclər adından çıxış edən BDU-nun tələbəsi Mirhadi Səmidzadə, 5 saylı Peşə litseyinin tələbəsi Fərid Abdullayev gənclərin vətənimizin azadlığı üçün hazır olduqlarını bəyan ediblər, ordumuza dəstək nümayiş etdiriblər. Gənclər “Şəhidlər ölməz, Vətən bölünməz”, “Yaşasın Azərbaycan əsgəri”, “Gənclər ordumuza inanır” şüarlarını səsləndiriblər. Sonda gənclərin adından bəyanat qəbul olunub. Tədbir "Cəngi" sədaları ilə yekunlaşıb.