Qoşunların təmas xəttində şəhid olmuş Milli Ordunun əsgəri son mənzilə yola salındı.
Bu gün Xətai rayonunda Tərtər rayonu istiqamətində Qoşunların təmas xəttində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan Milli Ordunun əsgəri Niftalıyev Rəşad Şakir oğlu son mənzilə yola salındı. 1993-ci ildə anadan olmuş, əslən Zəngilan rayonundan olan Rəşad Niftalıyev ali məktəbi bitirdikdən sonar 2015-ci ildə Xətai rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmət çağırılmışdı. Şəhidin cənazəsi bu gün səhər saatlarında yaşadığı ünvana gətirilib. Qəhrəman vətən oğlu, şəhid əsgərimizin vida mərasimdə yaxınları ilə yanaşı Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov, Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Hüseyinbala Mirələmov, təhsil ocaqlarının rəhbərləri, zabit və əsgərlər, icra strukturları və hüquq-mühafizə orqanlarının təmsilçiləri, rayon Xətai və Əhmədli bələdiyyələrinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, o cümlədən yerli ictimaiyyətin nümayəndələri və yüzlərlə şəhər sakinləri iştirak etdi.
Şəhidin atası Şakir Niftalıyev bildirdi ki, oğlu vətənin müdafiəsi zamanı şəhid olub. Və o bununla fəxr edir. Rəşad Bakı şəhərində anadan olub, Xətai rayonu 64 saylı orta məktəbi bitirib. Gəncə Texnologiya Universitetində təhsil alıb, Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb.
Sonra Milli şəhid Rəşad Niftalıyevin cənazəsini müşayət edən böyük izdiham “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, vətən bölünməz!” və başqa şüarlar səsləndirildi. Şəhidin cənazəsi Qaradağ rayonu Muşfiq qəsəbəsində yerləşən qəbiristanlığa gətirildi. Cənazə namazı qılındıqdan sonra şəhidimizin cənazəsi dövlət himninin sədaları altında dəfn edildi
Şəhidin tabutu üzərinə çəkilən üçrəngli Azərbaycan bayrağı əbədi xatirə olaraq atasına təqdim olundu.