Qəzalı bina ilə əlaqədar qərar qəbul edildi.
Sakinlərə konpensasiya veriləcək. Bina isə söküləcək.
Xəbər verildiyi kimi ötən ayın sonlarında Cavanşir küçəsi 60 və 120 ünvanlarda yerləşən qəzalı vəziyyətdə olan binaların birinin mətbəx hissəsində baş vermiş uçqun daha təhlükəli vəziyyət yaratmışdır. Qəza baş verəndən dərhal sonra rayon İcra Hakimiyyətinin rəhbərliyi, eləcə də digər əlaqədar təşkilatların nümayəndələri hadisə yerində olmuş və operativ tədbirlər görülməsi üçün lazımi təşkilatlara ətraflı məlumat verilmişdir.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə binanın sökülməsinə və sakinlərə konpensasiya ödənilməsi qərara alınmışdır. Mənzillərin 12 kv.m olması nəzərə alınaraq onlara birotaqlı mənzilin dəyərində konpensasiya ödəniləcək.
14 aprel 2016-c- il tarixdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə sakinlərlə görüşmüş və Nazirlər Kabinetinin qərarını vətəndaşların nəzərinə çatdırmışdır. Bildirildi ki, 96 ailənin yaşadığı bu binalarda otaqların hər biri 12 kv.m-dir. Amma konpensasiya bir otaqlı mənzilin dəyərində ödəniləcək. Bu da dövlətin öz vətəndaşlarına diqqət və qayğısının bariz nümunəsidir.
Sakinlərin vaxtında və təhlükəsiz köçürülməsini, söküntü işlərinin vaxtında başlanmasını təmin etmək üçün xidmət sahələrinə, rayon MKTB-yə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə digər aidiyyatı qurumlara müvafiq tapşırıqlar verildi.
Sakinlər diqqət və qayşiya görə dövlət başçısına öz minnətdarlığını bildirdilər.