“Şahinlər” hərbi idman və turizm oyunlarının rayon birinciliyi keçirilib
Heydər Əliyev adına Ali Hərbi məktəbdə “Şahinlər” hərbi idman və turizm oyunlarının Xətai rayonu üzrə final mərhələsi keçirilib. Yarışlarda rayonunun 37 orta ümumtəhsil məktəbinin 550-ə yaxın şagirdi iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ali Hərbi məktəbində ulu öndərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzdülər. Sonra son hadislərlər zamanı düşmən təxribatının qarşısını alarkən şəhid olanların xatirəsi yad olundu. Xətai rayon icra hakimiyyətinin təşəbbüsü ilə keçirilən ”Şahinlər” hərbi, idman və turizm oyunlarında əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyyəsinə diqqət və qayğını daha da artırılması həmçinin məktəb şagirdlərinin ordu sıralarında xidmətə hazırlanmasında köməkliyin göstərilməsidir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bildirdi ki, bu gün ölkədə aparılan islahatlar idman sahəsində də özünü göstərir. Belə ki, son illərdə idmançılarımızın beynəlxalq miqyaslı yarışlarda əldə etdikləri uğurlar, qazanılan nəticələr onu deməyə əsas verir ki, bu gün məhz bu sahə dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzindədir.
Daha sonra Xətai rayonu üzrə 37 məktəbin 550 şagirdi arasında
keçirilən hərbi yarışlara start verildi.
Əvvəlcə komandalar təntənəli marşla və musiqi ilə tribuna önündən keçdilər. Yarışa qatılan 8-10-cu sinif şagirdləri iki mərhələdə 10 idman növü üzrə öz qüvvələrini sınadılar. Burada hərəkətlər təyin olunan hakimlər tərəfindən beş ballıq sistem üzrə qiymətləndirildi. Qalib gələn məktəbin komandası gələn həftə keçiriləcək Bakı zona birinciliyinə qatılacaq.