AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVANIN XATİRƏSİNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB
Bu gün XX əsr Azərbaycan tarixinin görkəmli simalarından biri, dünya oftolmologiya elminə xüsusi töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü özünəməxsus bir guşədə - onun adını daşıyan Xətai rayonundakı uşaq bağçasında qeyd edildi.
Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən xatirə tədbiri Z.Əliyev adına Uşaq Bağçasının müdiri Sevinc Mustafayevanın qonaqları müəssisənin foyesindəki görkəmli akademikin həyat və fəaliyyətinin bir çox məqamlarını əks etdirən fotostendlərlə tanışlığından başladı. Sonra S.Mustafayeva akt zalına toplaşan qonaqları, Heydər Əliyev Fondunun ən müasir tələblər səviyyəsində inşa etdirdiyi və Zərifə xanım Əliyevanın adını daşıyan müqəddəs bir ocaqda salamlamaqdan məmnun olduğunu söyləyərək bildirdi ki, belə bir məkanda gələcəyimiz olan uşaqları tərbiyə etmək ikiqat şərəf və məsuliyyətdir. Azərbaycan xalqının xatirəsini daim əziz tutduğu Zərifə xanım Əliyeva gözəl ana, vəfalı ömür-gün yoldaşı, yüksək intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim idi. Onun həyatı, elmi yaradıcılıq və həkimlik fəaliyyəti ilə daha yaxından tanış olub, haqqında xatirələri oxuduqca gözlərimiz önündə uca yaradanın verdiyi yüksək mənəvi keyfiyyətləri özündə birləşdirən böyük insan obrazı canlanır.
Xatirə tədbirində Zərifə xanımın həyat və fəaliyyəti ilə bağlı geniş nitqlə çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva qeyd etdi ki, görkəmli akademiki başqalarından fərqləndirən təkcə yüksək insani keyfiyyətləri deyildi. O, həm də dünya tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdı. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir. Zərifə xanım Əliyeva yüksək vətəndaşlıq, humanizm mücəssəməsi və saf ürək sahibi kimi xalqımızın yaddaşında ona görə əbədi məskən salmışdır ki, onun insanlara, xalqına məhəbbəti hüdudsuz idi.
O həm də müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub.
Zərifə xanım həm də Azərbaycana ləyaqətli, dəyanətli və istedadlı övladlar bəxş etmiş böyük anadır. Bu ananın taleyinə təkcə ulu öndərin silahdaşı, sədaqətli ömür-gün yoldaşı olmaq yox, həm də bu gün Azərbaycanın müstəqilliyini şərəflə və dəyanətlə qoruyan, inkişaf etdirən İlham Əliyev kimi bir oğul tərbiyə edib, böyütmək nəsib olub. Bu mənada Zərifə xanım həyatdan tez getsə də xoşbəxt tale yaşamış bir insan kimi əbədiyaşarlıq qazanmış nurlu bir insandır.
Tədbirinin sonunda görkəmli akademikin adını daşıyan müqəddəs ocağın sakinləri öz müəllimələri ilə birlikdə Zərifə xanım Əliyevanın xatirəsinə hazırladıqları ədəbi-bədii kompozisiyanı nümayiş etdirib qonaqların alqışlarını qazandılar.