Xətai rayonunda əhalinin müayinəsi davam edir
Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Xətai rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi prosesi uğurla davam etdirilir. Fevralın 2-dən başlayan aksiyada bu günə kimi 90 minə yaxın sakin tibbi müayinədən keçib.
Aksiyada əsas məqsəd xəstəlikləri vaxtında aşkarlamaq və müalicəsinə təşkil etməkdir. Xətai rayon 6 saylı poliklinikada baş tutan növbəti aksiyada rayon sakinləri tibbin müxtəlif sahələri üzrə-rentgen, ultrasəslə müayinə, stomatoloq, terapiya və digər növ müayinələrdən keçdilər. Əhalinin mütəşəkkil surətdə tibbi müyanidən keçməsi işin yüksək səviyyədə təşkilindən xəbər verirdi. İşlərin yüksək səviyyədə aparılması məqsədilə Xətai rayon icra hakimiyyəti tərəfindən yaradılan komissiya əhalinin bu vacib kampaniyaya mütəşəkkil cəlb edilməsi üçün müvafiq təbliğat işləri aparırlar.
Dövlətimizin başçısının əhalinin sağlamlığının qorunması məqsədilə tibbi müayinənin təşkili barədə verdiyi tapşırıq rayon sakinləri tərəfindən də razılıqla qarşılanır. Əhalinin tibbi müayinədən keçirilməsi may ayının 1-dək davam edəcək.