XƏTAİ RAYON İCRA HAKIMIYYƏTİNİN TƏŞKİLATÇILIĞI İLƏ “MULTİKULTURALİZM VƏ TOLERANTLIQ AZƏRBAYCANDA HƏYAT TƏRZİDİR” MÖVZUSUNDA MAARIFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB
Rayonun 264 nömrəli məktəb – liseydə baş tutan tədbir ölkədə dövlət-din münasibətləri, dinlərarası dialoq və tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasəti barədə əhalinin bütün zümrələri, xüsusən yeniyetmə və gənclər arasında maarifləndirmə işinin yüksək səviyyədə təşkili məqsədilə təşkil olunub.
Tədbirdə rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimovun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin məsul işçisi Gündüz Süleymanovun, 264 nömrəli məktəb – liseyin direktoru Sevda Qocayevanın və digərlərinin çıxışları dinlənildi.
Dini qurumlarla işin təşkilatçısı M.İbrahimov keçirilən tədbirdə dinlərarası münasibətlərin hazırkı vəziyyətində ölkəmizin dünyaya örnək olduğunu, dini fanatizm və dini radikalizmə yer olmadığını bildirdi. Bu vəziyyəti qoruyub saxlamaq üçün cox ciddi mübarizə aparılmalı, dini radikalizmə qarşı mübarizədə sağlam düşüncəli, savadlı gənclərin dəstəyinin vacibliyini qeyd etdi.
Daha sonra G.Süleymanov cıxışında müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların yayıldığı Azərbaycanda bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşdığını, milli və irqi dini zəmində heç bir ayri seçkilik faktı qeydə alınmadığını bildirdi.
Sonda 264 nömrəli məktəb – liseyin direktoru S.Qocayeva çıxış edərək, tədbirin əsas məqsədinin şagirdlərin multikulturalizm və tolerantlıq mövzusunda maarifləndirilməsi üçün təşkil olunduğunu qeyd etdi.