“MULTİKULTURALİZM UŞAQLARIN GÖZÜ İLƏ” ADLI TƏDBİR KEÇİRİLDİ
25 may 2016-cı il tarixdə Xətai rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Yaradıcılıq Mərkəzi, YAP Xətai rayon Təşkilatı və Mədənuyyət və Turizm NazirliyininŞuşa rayon şöbəsinin birgə təşkilatçılığı ilə “Multikulturalizm uşaqların gözü ilə” adlı tədbir keçirildi.
Tədbirin keçirilməsində məqsəd insanlar arasında sevgi, dostluq və həmrəyliyin möhkəmlənməsinə təkan vermək, müxtəlif xalqların adət-ənənələrinə hörmət və onlar arasında mədəni körpünün yaradılmasıdır.
Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki, ölkə başçısının müvafiq Sərəncamına əsasən 2016-cı il “Multikulturalizm ili” elan olunmuşdur. Bu istiqamətdə rayonumuzda mütəmadi olaraq tədbirlər keçirilir ki, bu günki tədbirimiz də məhz Multikulturalizm mövzusuna həsr olunub. Qeyd olunmalıdır ki, multikulturalizm Azərbaycan üçün vacib siyasətdir, çünki Azərbaycan çoxmillətli, çoxdinli bir ölkədir. Burada çoxlu millətlərin və xalqların nümayəndələri yaşayır. Ölkəmizdə heç zaman dini və etnik zəmində heç bir qarşıdurma olmayıb. Son illər Respublikamızda, xüsusən də Bakı şəhərində mədəniyyət və din sahəsində keçirilən bir çox beynəlxalq tədbirlər artıq ənənəyə çevrilib. Eyni zamanda multikulturalizm dəyərlərinin təbliği ölkəmizdə demokratik prinsiplərin inkişafına xüsusi önəm verilməsinin bariz nümunəsidir, Azərbaycanın uğurlu inkişafında əhəmiyyətli rol oynayır. Hər birimizə məlum olduğu kimi, ölkəmizin müasir tarixinin böyük bir hissəsi ümummilli lider Heydər Əliyevin adı, əvəzsiz xidmətləri ilə bağlıdır. Milli-mənəvi dəyərlərimizin və tolerant ölkə olmağımız istiqamətində Ulu Öndər tərəfindən həyata keçirilən daxili və xarici siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Heydər Əliyev Fondunun, onun Prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri böyükdür. Bu bir faktdır ki, Fond Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması və təbliği ilə bağlı olduqca əhəmiyyətli layihələr həyata keçirir. Hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi Xətai rayonunda da milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq məfkurəsinə mühüm diqqət yetirilir. Ölkəmizdə, eləcə də rayonumuzda dini etiqada hörmət hökm sürür və dinlərarası heç bir ziddiyyət yoxdur. Məhz buna görə də Azərbaycan hazırda regionun ən təhlükəsiz, tolerant və multikulturalizmin hökm sürdüyü ölkəyə çevrilib.
Tədbirdə Respublika Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri 20 ölkənin mədəniyyətini, incəsənətini, tarixini əks etdirən əl işləri və müxtəlif millətlərin geyimlərini və rəqslərini nümayiş etdirdilər.
Tədbir dərnək üzvlərinin hazırladığı konsert proqramı ilə başa çatdı.
Tədbirdə Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Milli Məclisin deputatları Hüseynbala Mirələmov, Şəmsəddin Hacıyev, Aydın Hüseynov, Hikmət Babaoğlu, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abbasquliyeva, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər qonaqlar iştirak edirdi.