Heydər Əliyev parkında 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə tədbir keçirildi
31 may 2016-cı il tarixdə Xətai rayonunda rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda “Beynəlxalq Uşaq Günü” münasibətilə təntənəli tədbir keçirilib. İlk öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri düzdülər.
Məlum olduğu kimi Beynəlxalq Millətlər Təşkilatının 1950-ci il iyun ayının 1-də keçirilən "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndikdən sonra elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Beləliklə, iyunun 1-i tarixə “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, həmin gün Azərbaycanda da böyük təntənə ilə qeyd edilir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Razim Məmmədov uşaqları, onların valideynlərini, qonaqları, eləcə də bütün iştirakşıları salamlayaraq “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə təbrik etdi, onlara can sağlığı, xöşbəxt həyat və sevinc dolu günlər arzuladı. Bildirdi ki, uşaqlar hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Onlar həmişə dövlət qayğısı ilə əhatə olunublar. Uşaqlar həmişə Ulu Öndər Heydər Əliyevin sevimlisi olmuşlar. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Körpə balalarımızın sağlamlığı, təlim və tərbiyəsi daim ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun prioritet vəzifələrindəndir. Xətai rayonunda da dövlət siyasətinin bir hissəsi olaraq, bütün uşaq müəssisələri, xüsusən də valideyn himayəsindən məhrum olmuş uşaqlar - 3 saylı Uşaq evinin və “SOS-Uşaq kəndi”nin sakinləri rayon İcra Hakimiyyətinin və digər əlaqədar təşkilatların daim diqqət mərkəzindədir. Hər iki müəssisədə 165 uşaq məskunlaşıb. Rayon ərazisində ümumilikdə 47 körpələr evi- uşaq bağçası fəaliyyət göstərir.
Sonra çıxış edənlər - Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkilləri Hüseynbala Mirələmov, Fuad Muradov və başqaları çıxışlarında ölkəmizdə uşaqlara dövlət qayğısından, uşaq siyasətindən, bununla bağlı görülən işlərdən, danışdılar.
Tədbir tanınmış incəsənət ustalarının və rayon özfəaliyyət kollektivlərinin konsert proqramı ilə davam etdi.