Hesabat iclası keçirilmişdir.
16 yanvar 2013-cü ildə Xətai Rayon İcra Hakimiyyətinin Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar hesabat iclası keçirilmişdir. İcra Hakimiyyətinin başçısı Razim Məmmədov yığıncağı açaraq bildirdi ki, Azərbaycan öz müstəqilliyinin üçüncü onilliyində də ölkənin sosial-iqtisadi inkişafı istiqamətində möhtəşəm uğurlara imza atmaqdadır.
2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar Nazirlər Kabinetinin yanvarın 15-də keçirilmiş iclasında Prezident İlham Əliyev bu müddətdə əldə olunan nailiyyətlərdən danışarkən haqlı olaraq bildirmişdir ki, ötən dövrdə Azərbaycanda ümumdaxili məhsul 2,2 faiz artmışdır. Qeyri-neft sənayemiz, təxminən, 8 faiz, kənd təsərrüfatı isə 6 faiz artmışdır. Bu isə dünyada iqtisadi böhranın davam etdiyi bir vaxtda çox müsbət göstəricidir və respublikada inkişaf strategiyasının davam etdiyini göstərir.
Razim Məmmədov ölkənin, onun regionlarının davamlı inkişafı prosesində paytaxtın iri rayonlarından biri olan Xətai rayonunun Əhmədli qəsəbəsinin də bir çox uğurlara imza atdığını, rayonun ümumi sosial-iqtisadi inkişaf tempində öz mövqeyini qoruyub saxladığını diqqətə çatdırmış və bu nailiyyətlərin əldə olunmasında ötən illərdə dövlət başçısının qəsəbəyə iki dəfə səfər etməsinin müstəsna rol oynadığını xüsusi vurğulamışdır.
2012-ci ildə cənab Prezidentin tapşırığı ilə qəsəbədə xəstəxana - poliklinika binasının istifadəyə verilməsi, qəsəbədaxili yollara asfalt döşənməsi, kanalizasiya xətlərinin əsaslı yenidən qurulması, küçələrin işıqlandırılması, əhalinin qaz, su və elektrik enerjisi ilə təmin olunmasında fasilələrin tam aradan qaldırılması, məktəblərin əsaslı təmiri həqiqətən Əhmədli qəsəbəsinin simasını kökündən dəyişdirmişdir. Natiq həmçinin qeyd etmişdir ki, dövlət başçısının ölkədə işsizliyin tamamilə aradan qaldırılması istiqamətində qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, iş yerlərinin açılması üçün mövcud imkanlardan maksimum istifadə olunmuş, əmək ehtiyatlarından istifadəyə diqqət artırılmış, vakant iş yerləri haqqında məlumatlar toplanmışdır.
Sonra Xətai Rayon İcra Hakimiyyəti başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əbülfət Piriyev geniş hesabat məruzəsi ilə çıxış edərək bildirdi ki, sürətlə inkişaf edən Xətai rayonunda son illərdə həyata keçirilən yenidənqurma və abadlaşdırma işlərinin bir ünvanı da Əhmədli qəsəbəsidir. Natiq “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Əhmədli qəsəbəsinin tapmış problemlərinin də son illər çox böyük sürət və təşəbbüskarlıqla həll olunduğunu, sakinlərin sosial - məişət qayğılarına xüsusi diqqət yetirildiyini bildirmiş və bununla əlaqədar konkret faktlara istinad etmişdir.
Qarşıda daha mühüm vəzifələr olduğunu bildirən natiq, rayon rəhbərliyinin qayğısı ilə bu vəzifələrə ciddi yanaşacaqlarına və tapşırılan işləri yüksək məsuliyyətlə yerinə yetirəcəklərinə söz verdi.
Məruzə ətrafında çıxış edən Milli Məclisin deputatı Hüseynbala Mirələmov və digər natiqlər hesabat dövründə görülən işləri qənaətbəxş hesab etdilər və əmin olduqlarını bildirdilər ki, Əhmədli qəsəbəsi yeni ildə də uğurla inkişaf edəcək.