Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərə qayğı gələcəyə qayğıdır.

03 fevral 2013 | 11:00

01 fevral 2013-cü il tarixində “Gənclər günü” münasibəti ilə Xətai Rayon İcra Hakimiyyətinin iclas salonunda keçirilən tədbiri rayon icra hakimiyyəti başçısının birinci müavini Zaməddin Əkbərov açaraq bildirdi ki, ölkə həyatında mühüm yer tutan bu bayram 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsis olunmuşdur. Zaman göstərdi ki, ümummilli lider bununla gənclərimizin Azərbaycanın ictimai-siyasi həyatdakı, müstəqil dövlətçiliyimizin inkişafındakı yerini və rolunu necə yüksək qiymətləndirmişdir.
Azərbaycan gəncliyinin ölkənin inkişafında fəal iştirak etdiyini, beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil etdiyini söyləyən natiq vurğuladı ki, bu gün hər bir Azərbaycan gənci ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanın qlobollaşan dünyadakı mövqeyinin möhkəmlənməsi üçün yürütdüyü siyasətdə fəal iştirak edir. Sevindirici haldır ki, Azərbaycan gəncliyi yalnız müşahidəçi rolu ilə kifayətlənmir və ölkənin siyasi həyatında öz sözünü deyir. Natiq onu da vurğuladı ki, paytaxtın Xətai rayonunun gənclərinin bu işlərdə fəallıq göstərmələri, gənclər hərəkatında öndə olması və Azərbaycan Prezidentinin siyasi xəttini dəstəkləmələri bizi daha çox sevindirir.
Sonra məruzə ilə çıxış edən Xətai rayon Gənclər və İdman idarəsinin rəisi Əfqan Rzayev dövlət başçısının gənclərə göstərdiyi qayğıdan, Azərbaycanda gənclərlə bağlı müxtəlif layihələrin, 2005-ci ildə qəbul olunmuş “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın həyata keçirilməsindən, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun fəaliyyətindən, Azərbaycanın dövlətçiliyinin və müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində gənclərin üzərinə düşən vəzifələrdən geniş danışdı və qeyd etdi ki, bu vəzifələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixində imzaladığı “Azərbaycan Gəncliyi 2011-2015-ci illər” Dövlət Proqramıda öz əksini tapmışdır. İdarə rəisi Xətai rayon gənclərinin 2012-ci ildə qazandığı uğurlardan da ətraflı məlumat verərək bildirdi ki, bu uğurların böyük bir hissəsi təhsilin payına düşür. Çünki 2011-2012-ci tədris ilində 5 məzunumuz orta məktəbi qızıl medalla bitirmiş, 1581 məzunumuz yüksək nəticə göstərərək ali məktəblərə qəbul olunmuşdur ki, onlardan da 66 nəfəri xarici ölkələrin tanınmış ali məktəblərində təhsil alırlar. Həmçinin, qeyd olundu ki, yüksək nəticə göstərən 9 tələbə Prezident təqaüdünə layiq görülmüşdür.
YAP Xətai rayon Gənclər Təşkilatının sədri Sərxan Əliyev, Heydər Əliyev adına Ali Hərbi Məktəbin müdavimi Adil Bəşirov və bir çox digər gənclər isə çıxışlarında bildirdilər ki, respublikanın bütün gəncləri kimi Xətai rayonunun gəncləri də dövlətimizin inkişafı naminə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyir və daim bu siyasətə sadiq qalacaqlarına söz verirlər. Qeyd olundu ki, Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti uğurla və qətiyyətlə həyata keçirilməklə yanaşı, bu gün mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan dövlət başçısı səviyyəsində böyük diqqətin nəticəsidir.
Təbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, əmək fəaliyyətlərində fərqlənən bir çox gənc mütəxəssis Xətai Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edildilər.
 

Keçidlər