Rayon İcra Hakimiyyətində müşavirə keçirilmişdir
12.08.2016-cı il tarixdə Xətai rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədovun rəhbərliyi ilə müşavirə keçirilib. Tədbirdə rayon hüquq-mühafizə orqanlarının, MKTB-nin, sahə və qəsəbə nümayəndəliklərinin, xidmət sahələrinin rəhbərləri, Xətai və Əhmədli bələdiyyələrinin sədrləri və digər əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər.
Müşavirədə rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri, yüksək mərtəbəli binalarda aparılan təmir işləri, yay mövsümündə rayon ərazisinin sanitar –gigiyenik vəziyyəti, yeni dərs ilinə hazırlıqla bağlı məktəb və bağçalarda cari təmir işlərinin mövcud vəziyyəti müzakirə edilib.
Müşavirədə həmçinin qeyd olunub ki, rayon sakinlərinin asudə vaxtlarının, istirahətinin daha səmərəli təşkil olunması çərçivəsində yeni nümunəvi həyətlərin tikilməsi ilə əlaqədar daha öncədən rayon ərazisində mövcud olan 70 nümunəvi həyətdə bir sıra yenidənqurma və cari təmir işləri aparılır, daha 31 ünvanda isə bu tipli yeni həyətlər salınmaqdadır. Həyətlərdə sakinlərin və uşaqların asudə vaxtlarını daha maraqlı keçirmələri üçün əyləncə, idman və s. qurguları quraşdırılması nəzərdə tutulur.
Həmçinin bildirildi ki, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə rayonda bir-neçə küçə təmir edilərək istifadəyə verilib.
Təmir-tikinti işləri Telnov küçəsində, Məzahir Rüstəmov və general Əliağa Şıxlinski küçələrinin bir hissəsində, həmçinin “Neapol dairəsi”nin ətrafında aparılıb.Telnov küçəsinin uzunluğu 1340 metr, eni 13 metr, Məzahir Rüstəmov və general Əliağa Şıxlinski küçələrinin təmir işlərinin aparıldığı hissələrinin uzunluqları müvafiq olaraq 500 və 400 metrdir. Hər iki küçənin eni isə 14 metr təşkil edir.
Sözügedən küçələrin hər birində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb. Bunun əvəzinə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə, Telnov küçəsinin 23 700 m2 sahəsi, Məzahir Rüstəmov küçəsinin 12 400 m2 sahəsi, general Əliağa Şıxlinski küçəsinin isə 6 000 m2 sahəsi asfaltlanıb.
Bundan başqa təmir-tikinti işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunaraq asfaltlanıb, küçələr boyu yeni səki daşları düzülüb. Ümumilikdə Telnov küçəsinə 2400 p/m, Məzahir Rüstəmov küçəsinə 950 p/m, general Əliağa Şıxlinski küçəsinə isə 750 p/m yeni səki daşı düzülüb.
“Neapol dairəsi”nin ətrafında da təmir işləri aparılıb, asfalt-beton örtüyü yenilənib və dairənin kənarlarında olan köhnə səki daşları yeniləri ilə əvəzlənib.
Müşavirədə həmçinin, rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov qaldırılan digər məsələlərin də həlli ilə bağlı müvafiq tapşırıqlar verdi.