Miniatür Kitab Muzeyinə ekskursiya
12 avqust 2016 - cı il tarixdə “Beynəlxalq Gənclər günü” münasibətilə Xətai rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 saylı Bakı "ASAN xidmət" mərkəzinin bir qrup könüllü gəncinin Miniatür Kitab Muzeyinə ekskursiyası təşkil olunmuşdur.
Ekskursiya çərçivəsində muzey haqqında gənclərə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, dünyada yeganə olan muzey 2002-ci il aprelin 23-də təntənəli surətdə açılmışdır. Xalqımızın Ümumilli lideri Heydər Əliyevin təşəbbüsü və xüsusi göstərişi ilə Zərifə Salahovanın kolleksiyası əsasında yaradılmış olan muzeyin ekspozisiyası 27 vitrində yerləşdirilmişdir. Muzeydə dünyanın 66 ölkəsində nəşr olunmuş 5600 miniatür kitab nümayış olunur. Muzeyin kitab fondunda isə 7500-ə yaxın miniatür nəşr var.
Ekspozisiyanın "Azərbaycanda nəşr olunmuş miniatür kitablar", "Nadir miniatür kitablar", "Dini ədəbiyyat miniatür kitablarda", A.S.Puşkinin sağlığında 1837-ci ildə Sankt-Peterburqda işıq üzü görmüş "Evgeni Onegin" poemasınında daxil olduğu "Puşkiniana" kimi bölmələri böyük maraq doğurur. Onların arasında "H.Əliyev. Əsrin müqaviləsi" kimi 1998-ci ildə Bakıda nəfis tərtibatda nəşr olunmuş kitab, habelə 1815-ci ildə Londonda buraxılmış "İngiltərə tarixi" və digər nadir nüsxələr diqqəti xüsusilə cəlb edir. Muzeydə Azərbaycan, Turkiyə, Rusiya, ABŞ, Yaponiya, İngiltərə, Fransa, İtaliya, Almaniya, Çexiya, Slovakiya, Macarıstan, Kuba, İsveçrə və keçmiş SSRİ respublikalarında nəşr edilmiş miniatür kitablar mövcuddur. Muzeydə nümayiş olunan kitabların ölçüsü 0,75x0,75 millimetrdən 10 millimetrə qədərdir. Kolleksiyadakı ən kiçik kitab Yaponiyada çap edilən 3 mikrokitabdır. Kitablar - "Doğum daşı", "Zodiak nişanları və onun rəmzləri", "Güllərin dili" adlanır. Bu kitablar 1979-cu ildə nəşr olunub. Onların cildi qoyun dərisindən düzəldilib, ölçüsü isə 2×2 millimetrdir. Hər kitab 16 səhifədən ibarətdir, onlarda da öz növbəsində 50-100 işarə göstərilir. Onların oxunması üçün öz lupası da var.
Qeyd edək ki, muzey 1 oktyabr 2014-cü il tarixdən miniatür kitabların dünyada ən böyük kolleksiyası kimi "Ginnes Dünya Rekordları" kitabına daxil edilmişdir.