Xətai rayonunun simasının gözəlləşdirilməsi istiqamətində işlər davam etdirilir
Rayon ərazisində aparılan genişmiqyaslı quruculuq işləri bir çox prospekt və küçələr boyunca yerləşən binaların müasir, zövq oxşayan forma və üslubda bərpası, yol infrastrukturunun yenidən qurulması işləri bu gün də davam etdirilir. Qədim tarixə malik binalar tarixiliyini saxlamaqla, müasir şəkildə abadlaşdırılır. Burada yerləşən binaların fasadı təzələnir, pəncərələr yenilənir.
Abadlaşdırma layihələri çərçivəsində Afiyəddin Cəlilov küçəsi boyunca yerləşən yaşayış binalarının üzlükləri tam yenilənib, eyvanlar milli ornamentə uyğun quraşdırılıb. Nobel prospekti - Zığ şossesi boyunca yerləşən binaların fasadları da yenidən qurulub. Rayonun zahiri görkəmində müsbət dəyişikliklərə səbəb olan bərpa və abadlıq işləri həm də rayon sakinlərinin isti yay günlərində səmərəli istirahəti üçün lazımi şərait yaradacaq. Sakinlərin istirahəti üçün guşələr, idman meydançası, uşaqlar üçün yelləncəklər və əyləncə qurğuları, yeni oturacaqlar quraşdırılıb. Rayonda məhəllədaxilli yoların bərpası və yenidən qurulması işlərinə də xüsusi önəm verilir. Əhalinin rahat gediş-gəlişini təmin etmək məqsədilə yollar genişləndirilir, məhəllədaxili yollara yeni asfalt örtüyü, səkilər salınır.
Görülən işlər çərçivəsində, həmçinin, rayonun G.Mehmandarov və M.Hadi küçələrində ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyi və insanların sağlamlığının qorunması məqsədilə iməciliklər keçirilib. İməciliklərdə mövcud yaşıllıqlara qulluq olunub, ərazilər quru otlardan və məişət tullantılarından təmizlənib.
Dövlət Başçısının yeni iş yerlərinin yaradılması haqqında verdiyi tapşırıq əsasında da rayonda bir sıra addımlar atılmaqdadır. Bu addımlardan biri də rayonun M.Hadi küçəsində bir sıra məişət texnikası obyektlərinin sakinlərin istifadəsinə verilməsi oldu.