Səyyar görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlər müzakirə olundu
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun Zığ yolu 7 b saylı binanın qarşısında salınmış nümunəvi həyətdə keçirdiyi səyyar görüşdə sakinlər tərəfindən qaldırılan problemlərin həllinə operativ reaksiya verilib. Belə ki, 27.08.2016-cı il tarixdə rayon İcra Hakimiyyətinin Başçısı vətəndaşların qaldırdığı məsələlərlə yerində tanış olmaq üçün başçının müavinlərinin, şöbə müdirlərinin və rayon Mənzil Kommunal Təssərüfat Birliyinin, bələdiyyə rəhbərlərinin, digər xidmət sahələrinin nümayəndələrinin iştirakı ilə əraziyə baxış keçirmişdir.
Baxış zamanı aidiyyati şəxslərə tapşırılmışdır ki, binaların qarşısında bəzi vətəndaşlar tərəfindən qeyri-qanuni zəbt edilmiş ərazilər təmizlənsin, yerində nümunəvi həyətlərin salınması işləri davam etdirilsin. Həmçinin ərazidə uşaqların oynadığı yararsız vəziyyətdə olan mini futbol və voleybol meydançasının da tez bir zamanda bərpa edilib balaca sakinlərin ixtiyarına verilməsi üçün müvafiq tapşırıqlar verildi.
Daha sonra rayon İcra Hakimiyyətində keçirilən operativ müşavirədə həmin səyyar görüş zamanı sakinlər tərəfindən qaldırılan qaz, işıq, su, lift və s. problemin hər birinin icrası ilə bağlı xidmət sahələrinin rəhbərlərindən və digər məsul şəxslərdən arayış və izahatlar dinlənilmişdir.
Müşavirənin sonunda Razim Məmmədov bir daha vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması və qaldırılan problemlərin vaxtında yerinə yetirilməsi üçün tapşırıqlar verdi.