Xətai rayonunda ali məktəblərə qəbul zamanı yüksək nəticələr əldə etmiş rayon məktəblərinin məzunları ilə görüş keçirilmişdir
06.09.2016-cı il tarixdə rayon İcra Hakimiyyətində ali məktəblərə qəbul zamanı yüksək nəticələr əldə etmiş Xətai rayon məktəblərinin məzunları ilə görüş keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin binanın giriş hissəsində yerləşən büstü qarşıına tər çiçək dəstələri düzdülər. Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov giriş nitqi ilə açdı. Razim Məmmədov çıxışında bildirdi ki, bu gün Müstəqil Azərbaycanda dövlət siyasətinin ən prioritet vəzifələrindən biri də təhsilə qayğı, yetişən gənc nəslin bilik və bacarıqlarının artırılması, bu bilikləri əldə etmək üçün aparılan islahatlar, gənclərin yüksək savad almaları üçün istər orta məktəblərin, istər orta ixtisas məktəblərinin, istərsə də ali məktəblərin tədris bazalarının zənginləşdirilməsi, binalarının əsaslı təmir edilməsi, yeni tədris korpuslarının, yeni məktəblərin tikilməsi hər an dövlət başçımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və onun xanımı Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Bunun bariz nümunəsi olaraq dünən cənab Prezidentin rayonumuzun 245 və 265 nömrəli tam orta məktəblərinin əsaslı təmirdən sonrakı fəaliyyəti ilə tanış olmasıdır. Son bir neçə ildə Dövlət Proqramı çərçivəsində Xətai rayonunda fəaliyyət göstərən 37 orta məktəb və lisey, 1 peşə liseyi əsaslı təmir edilmiş, yeni tədris korpusları tikilərək şagirdlərimizin ixtiyarına verilmişdir. Bütün bu islahatların nəticəsi olaraq ali məktəblərə qəbul üzrə nəticələrimiz də hər il yüksək olur və rayonumuz göstərdiyi nəticələrə görə respublika üzrə ön sıralarda olur. Bu il də nəticələrimiz çox ürəkaçandır. Belə ki, 2015-2016-cı tədris ilində 2628 nəfər XI sinifdə təhsil almış şagirdlərimizin 2294 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermiş və onlardan 1602 nəfəri uğurlu nəticə göstərərək ali məktəblərə qəbul olmuşdur. Ali məktəblərə qəbul olanların 238 nəfəri 500-600 arası, 107 nəfəri 600-650 arası, 41 nəfər isə 650 və daha yüksək bal toplayaraq yüksək nəticə göstərmişdir. Xətai rayon məktəbləri üzrə ali məktəblərə qəbul faizi 70% təşkil etmişdir. Qəbul faizinə görə ən yüksək nəticə göstərən məktəb-liseylərdən 287 saylı Zəkalar liseyi – 95 %, 147 saylı Texniki-humanitar liseyi – 88%, Humanitar fənnlər təmayüllü məktəb-lisey – 86 %, 261 saylı məktəb-lisey – 82 %, Heydər Əliyev adına lisey – 76 %, 264 saylı məktəb-lisey – 70 % nəticə göstərmişdir. Həmçinin 171, 165 və 27 saylı məktəblərin göstəricisi 80 %-dən yuxarı olmuşdur. Üç məzunumuz 64, 204 və 257 saylı məktəblərin məzunları orta məktəbi qızıl medalla başa vurmuşlar. Ən yüksək balı isə Heydər Əliyev adına liseyin məzunu Məmmədov Ömər Arzu oğlu 695 bal toplayaraq Bakı Ali Neft məktəbinin tələbəsi olmuşdur.
Tədbirdə digər çıxış edənlər, millət vəkilləri Hüseynbala Mirələmov, Fuad Muradov, rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva, Xətai rayon Polis İdarəsinin rəisi Muradəli Babayev, 287 nömrəli “Zəkalar” liseyinin direktoru Aygün Əhmədli, H.Əliyev adına Liseyinin məzunu Ömər Məmmədov, 204 nömrəli məktəbin məzunu Aygül İsmayılova, Milli Qəhrəmanların Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, “İrəli” gənclər təşkilatının sədri Mirhəsən Seyidov və başqaları öz çıxışlarında bu gün müstəqil Azərbaycanımızda təhsilə, gənclərə göstərilən qayğıdan, aparılan islahatlardan, bu qayğının nəticəsi olaraq həm respublikamızda, həm də xaricdə gənclərimizin qazandığı uğurlardan danışaraq bu diqqət və qayğıya görə dövlət başçısına və birinci xanıma öz minnətdarlıqlarını bildirdilər.
Sonra 650 baldan yuxarı nəticə göstərmiş məzunlara rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr və Fəxri Fərmanlar təqdim olundu.
Tədbirdə həmçinin “Milli Qəhrəmanlarımız” kitabının təqdimatı olmuş, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2016-cı il tarixli Sərəncamı ilə “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı rayon İcra Hakimiyyətinin şöbə müdiri Əbülfət Piriyevə təqdim edilmişdir.