Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev Xətai rayonundakı 265 nömrəli məktəbdə əsaslı təmirdən sonra görülən işlərlə tanış olub

05 sentyabr 2016 | 11:00

Bakının Xətai rayonundakı 265 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi yeni tədris ilinə əsaslı təmir olunmuş binada başlayacaq.Sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəbin binasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Məlumat verildi ki, bu təhsil ocağı dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq əsaslı surətdə təmir edilib. Məktəbin həyətində bu təhsil ocağının məzunu şəhid Miryusif Yusifovun xatirə lövhəsi qoyulub.
Bu məktəb 1983-cü ildən fəaliyyət göstərir. Burada indiyədək heç vaxt bu cür əsaslı təmir işləri aparılmayıb.
Təhsil ocağının foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə göstərdikləri qayğını əks etdirən fotostend qurulub. Burada, həmçinin dövlətimizin başçısının Xətai rayonundakı təhsil ocaqlarında olduğu zaman çəkilən fotoları da var.
Məktəbin bütün otaqları, o cümlədən fizika, kimya, biologiya, informatika otaqları zəruri avadanlıqla təchiz edilib. Burada şagirdlərə ən yüksək səviyyədə təhsil vermək üçün hərtərəfli şərait var. 1076 şagird yerlik məktəbdə tədris ikinövbəlidir. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Hazırda məktəbdə 48 sinifdə 1060 şagird təhsil alır. Təhsil ocağında 135 nəfər çalışır ki, bunlardan 109-u müəllimdir. Məktəbin yüksək səviyyədə qurulan yeməkxanası yeni tədris ilindən şagirdlərin ixtiyarında olacaq. Təhsil ocağının akt zalı da müasir səviyyədə yenidən qurulub.
Şagirdlər məktəbin zəngin kitabxanasından bəhrələnəcəklər. Kitabxananın 5 minə yaxın bədii ədəbiyyat və 20 minədək dərslik fondu var.
Təhsil ocağının idman zalında voleybol, həndbol, futbol, gimnastika, tennis və idmanın digər növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb.
2015-2016-cı tədris ilində məktəbi 54 şagird bitirib ki, onlardan 24 nəfəri tələbə adını qazanıb.
Məktəbdə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.

Keçidlər