265 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb.
Bildirib ki, təhsilin inkişafında Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da gördüyü işlər danılmazdır. Qeyd olunub ki, bu il rayon üzrə 5000-dən artıq uşaq birinci sinfə qədəm qoyur. Bu il rayon üzrə 2628 şagird orta məktəbi bitirib ki, onlardan 1602 nəfəri ali məktəblərə qəbul olunub. Ali məktəblərə daxil olan abituriyentlər arasında 238 nəfər 500-dən, 107 nəfər 600-dən, 41 nəfər isə 650-dən yuxarı bal toplayıb. Rayon ərazisində fəaliyyət göstərən 37 ümumtəhsil məktəbindən demək olar ki hamısı təmir edilib. 2 məktəb tamamilə sökülərək yerində müasir standartlara cavab verən məktəb binaları inşa edilib.
Əsaslı təmir olunan məktəblərdən biri də 265 nömrəli tam orta məktəbdir. Təmir işləri başa çatandan sonra dövlət başçısı cənab İlham Əliyev yaradılmış şəraitlə tanış olmaq üçün 5 sentyabr 2016 həmin məktəbdə olub.
265 nömrəli tam orta məktəb 1983-cü ildən fəaliyyət göstərir. Üç mərtəbəlidir və 1076 yerlikdir. 5 günlük iş rejimi ilə iki növbədə işləyir. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Hazırda məktəbdə 48 sinifdə 1060 şagird təhsil alır. Təhsil ocağında 135 nəfər çalışır ki, bunlardan 109-u müəllimdir. Cari dərs ilində məktəbin 47 sinfində 1044 şagird təhsil alır. 2016-cı ildə 54 nəfər 11-ci sinfi bitirib, 41 nəfər ali məktəbə sənəd verib, 24 nəfər ali məktəbə qəbul olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq əsaslı təmirdən sonra məktəbin bütün otaqları, o cümlədən fizika, kimya, biologiya, informatika otaqları zəruri avadanlıqla təchiz edilib. Məktəbin yüksək səviyyədə qurulan yeməkxanası yeni tədris ilindən şagirdlərin ixtiyarında olacaq. Təhsil ocağının akt zalı da müasir səviyyədə yenidən qurulub. Şagirdlər məktəbin zəngin kitabxanasından bəhrələnəcəklər. Kitabxananın 5 minə yaxın bədii ədəbiyyat və 20 minədək dərslik fondu var.Təhsil ocağının idman zalında voleybol, həndbol, futbol, gimnastika, tennis və idmanın digər növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb.
Tədbirdə digər çıxış edən müəllimlər, ziyalılar, valideynlər yeni dərs ili münasibətilə müəllim və şagird heyətini, xüsusilə də birinciləri təbrik edib, onlara uğurlar arzulayıblar. Sonra ilk zəng çalınıb və şagirdlər yeni dərs ilinə başlayıblar.