Şriftin ölçüsü :

Saytın rəngi :

İnam və etimadı doğruldan 20 yaşlı təşkilat

14 fevral 2013 | 11:00

 Fevralın 13-də Yeni Azərbaycan Partiyası  Xətai rayon təşkilatının yaradılmasının 20 illiyi münasibətilə keçirilən tədbir partiyanın qurucusu, milli dövlətçiliyimizin və müstəqilliyimizin xilaskarı Heydər Əliyevin abidəsinin ziyarəti ilə başladı. Sonra YAP Xətai rayon təşkilatının iclas zalında davam etdirilən təntənəli yubiley mərasimi Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun çıxışı ilə davam etdi.
   Razim Məmmədov bu gün Azərbaycan cəmiyyətinin həlledici qisminin inam və etimadına güvənən, ölkənin aydın sabahı naminə əzmlə çalışan partiyanın 20 illik yubileyinin də bir müddət əvvəl keçirildiyini diqqətə çatdıraraq qeyd etdi ki, tarixlər arasındakı bu fərq Xətai rayon təşkilatının  YAP-ın əsasının qoyulmasından dərhal sonra yarandığını göstərən faktdır.
   Natiq YAP Xətai rayon təşkilatının inkişaf yoluna nəzər salaraq bildirdi ki, elə ilk gündən ətrafına yüzlərlə məsləkdaş toplayan bu təşkilatın sıralarında indi Yeni Azərbaycan    Partiyasının  minlərlə üzvü birləşir. Bu həm partiyamızın nüfuzunun durmadan artdığını, həm də ilk təşkilatın öz işini düzgün, zamanın tələbləri səviyyəsində qurduğunu nümayiş etdirən əsas göstəricilərdəndir. Ötən illər bir daha göstərdi ki, Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı olmuş, ümummilli idealları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanmışdır. Bu müddətdə hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktik surətdə bərqərar olmasına yönəlmişdir. Bütün bunlar isə cəmiyyətdə Yeni Azərbaycan Partiyasına olan ictimai inamı, etimadı daha da gücləndirmiş, daha da sarsılmaz etmişdir.
   R.Məmmədov çıxışını tamamlayaraq bildirmişdir ki,  bu gün hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının və onun qətiyyətli lideri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasi xəttə YAP Xətai rayon təşkilatının çoxminli üzvlərinin də sadiq qalaraq, bu mərama xidmət etmələri, onların gerçəkləşməsində yaxından iştirak etmələri bizə son dərəcə böyük qürur verir.
   YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov toplantı iştirakçılarını təbrik edərək bildirdi ki, yaşına görə Yeni Azərbaycan Partiyasının ikinci ilk təşkilatı olan YAP Xətai rayon təşkilatının və onun üzvlərinin bütün fəaliyyətləri boyu ulu öndər Heydər Əliyev ideyalarına son dərəcə böyük sədaqət nümayiş etdirmələri yüz illər  sonra yaşayacaq nəsillərə də nümunə olacaq.
   Natiq YAP Xətai rayon təşkilatı, onun yarandığı tarixi dövr və bu gün milli dövlətçilik quruculuğunda iştirakı barədə də ətraflı məlumat verdi və bildirdi ki, hazırda təşkilat rayonun 147 ərazi ilk təşkilatında 18 mindən çox  partiya üzvünü birləşdirir. Mən tam qətiyyətlə deyə bilərəm ki, onların hər biri öz siyasi liderləri, Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasi xətti bəyənir və onun namizədliyini yeni seçkilərdə də  dəstəkləməyə hazırdırlar. Çünki son 9 illik bir zamanda dövlət başçısı İlham Əliyev yeni əsrin, yeni zamanın lideri kimi sübuta yetirmişdir ki, xalq taleyini ona etibar etməkdə heç də yanılmamışdır.
Təbrik çıxışları başa çatdıqdan sonra Yeni Azərbaycan Partiyasının yeni üzvlərinə partiya biletləri, partiya təşkilatının bir çox fəallarına isə fəxri fərmanlar təqdim olundu.

Keçidlər