Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev Bakıdakı 261 nömrəli məktəb-liseydə əsaslı təmirdən sonra görülən işlərlə tanış olub

13 sentyabr 2016 | 11:00

Prezident İlham Əliyev Bakının Xətai rayonundakı 261 nömrəli məktəb-liseydə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 1979-cu ildən fəaliyyətdə olan məktəbdə bu il ilk dəfə təmir işləri aparılıb. Əsaslı təmir və yenidənqurma işləri Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın tədbirlər planında təhsil sahəsində nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində həyata keçirilib.
Dövlətimizin başçısının diqqətə çatdırıldı ki, yeni dərs ili münasibətilə birinci sinif şagirdlərinə məktəbli çantası və digər dərs ləvazimatları hədiyyə ediləcək. Ümumi sahəsi 6600 kvadratmetrdən çox olan, 1176 şagirdin təhsil aldığı məktəbin bütün sinif otaqları yüksək səviyyədə yenidən qurulub və zəruri avadanlıqla təchiz olunub. Fənn laboratoriyalarının hamısı əyani dərs vəsaitləri ilə təmin edilib. Məktəbdə müasir idman avadanlıqları ilə təchiz olunan qapalı idman zalından əlavə, həyətdə yeni idman meydançası da yaradılıb. Sahəsi 2720 kvadratmetrdən çox olan meydançada şagirdlərin bədən tərbiyəsi dərslərini keçmələri üçün bütün imkanlar var. Yenidənqurma işləri çərçivəsində məktəbin ətrafında, təxminən 21 min 500 kvadratmetr ərazidə abadlıq işləri görülüb.
Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev yeni dərs ilində kollektivə uğurlar arzuladı.

 

Keçidlər