TARİXƏ YAZILMIŞ BƏŞƏRİ CİNAYƏT – “XOCALI”
Bəşəri cinayət kimi tarixə yazılmış və dünyanın, artıq bir çox ölkələrində azərbaycanlıların soyqırım aktı kimi qəbul olunan Xocalı faciəsi paytaxtın Xətai rayonunda da geniş qeyd olunmuşdur. 25 fevral 2013-cü ildə Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə faciənin ağrı-acısını yaşamış, itkilərə və erməni qəddarlığı nəticəsində işgəncələrə məruz qalmış və hazırda Xətai rayonunda yaşayan bir qrup Xocalı sakini ilə görüş keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov tədbiri açaraq bildirdi ki, erməni silahlı dəstələrinin Xocalıda milli-etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı son dərəcə qəddarlıqla törətdikləri qətliam, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı yönəlmiş bəşəri cinayətlərdən biridir. Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklikdir. Ümummilli lider Heydər Əliyev çıxışlarının birində faciənin mahiyyətini açıqlayaraq deyirdi: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”...
Razim Məmmədov daha sonra qeyd etdi ki, son illərdə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, nəticədə müxtəlif beynəlxalq təşkilatlar Xocalı soyqırımı ilə bağlı öz mövqelərini açıqlamışlar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün dünyanın əksər ölkələri bu faciə ilə bağlı həqiqətlərlə tanış olur və ona öz qiymətini verirlər. Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər, həyata keçirdiyi tədbirlər və xidmətlər də xüsusi qeyd olunmalıdır. Məhz Heydər Əliyev Fondunun rəhbəri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın və fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsləri ilə son illərdə bir sıra ölkələrin paytaxtlarında Xocalı soyqırımının tanınması ilə bağlı kütləvi aksiyalar və tədbirlər keçirilir.
Çıxışının sonunda Xocalı faciəsi zamanı həlak olanlara rəhmət diləyən rayon İcra Hakimiyyətinin başçısı əmin olduğunu bildirdi ki, dünya bu qətliamın gerçək qiymətini verəcək.
Təbirdə çıxış edən Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri, professor Hüseynbala Mirələmov bildirdi ki, əgər dünyada haqq-ədalət deyilən bir şey varsa, insanlığa sığmayan bu cinayəti törədənlər cəzalarını almalıdırlar. Deputat çıxışını bu sözlərlə tamamladı: “Bəşəriyyət insanlıq adına ləkə olan bu dəhşətli cinayətin gerçək qiymətini verməlidir ki, bu təhqiri üstündən götürsün. Filosoflar nahaq demirlər ki, “Tarix qiymətini verər zalimin”.
Sonra faciə qurbanlarının ailə üzvləri tədbirdə çıxış edib, dövlət səviyyəsində bu faciənin beynəlxalq aləmdə tanıdılması işinin ulu öndər Heydər Əliyevdən başladığını və bu gün daha cəsarətlə və ardıcıl davam etdirildiyini, bəyəndiklərini bildirdilər. Dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirən tədbir iştirakçıları, bu işdə əməyi olan Xətai rayon İcra Hakimiyyətinin ünvanına da xoş sözlər söylədilər.
Sonda Xətai Rayon İcra Hakimiyyətinin adından tədbirdə iştirak edən faciə qurbanlarının ailə üzvlərinə maddi yardım göstərildi.