“Hər birimiz Mübarizik, Fəridik” adlı hərbi vətənpərvərlik mövzusunda tədbir.
08.02.2013-cü il tarixində Xətai rayonunda yerləşən Humanitar fənlər təmayüllü məktəb – liseydə Azərbaycanın Milli Qəhrəmanı, xalqımızın cəsur və unudulmaz oğlu Mübariz İbrahimovun doğum gününə həsr edilmiş musuqili bədii kompozisiya keçirilmişdir.
Tədbir səhnəyə Azərbaycan Respublikasının dövlət bayrağının gətirilməsi və dövlət himninin səslənməsi ilə başlandı. Aparıcılar Mübariz İbrahimovun həyatı haqqında ətraflı məlumat verdi. Eyni zamanda Mübarizin hələ kiçik yaşlarından necə mətin və mübariz olduğu şagirdlərin diqqətinə çatdırılaraq, onun “ Bayrağımız da torpaqlarımız kimi müqəddəsdir. Mən Azərbaycan bayrağını ya idmanda, ya da Şuşada qaldıracağam. ” fikri xüsusi vurğulandı.
Monitorda Milli qəhrəmanlarımızla bağlı musiqili slayd və Mübariz İbrahimovun həyatını əks etdirən video görüntülər nümayiş etdirildi. Sonra IV sinif şagirdlərinin söylədikləri “ Milli qəhrəmanlar ” şeiri tarın müşayiəti ilə dinlənildi.
Daha sonra “ Bilin mən də əsgərəm ” , “ Bir oğul yetişdi ana vətəndə ”, “ Qəbrin nurla dolsun sənin, Mübariz! ”, “ Yaşa ürəklərdə, yaşa Mübariz! ” şeirləri söylənildi. Şagirdlərin ifasında “ Mən Azərbaycanlıyam ”, “ Ana, əsgər gedirəm ” və “ Cənab leytenant ” mahnıları ifa edildi. III sinif şagirdi atasının əsgərlik albomunu vərəqləyərək “ Əsgər olubdur atam ” kiçik kompozisiyasını təqdim etdi.
Aparıcılar Mübarizin son döyüşünü həyəcanla təsvir etdilər və onun valideynlərinə yazdığı son məktubu səsləndirdilər.
Tədbirin II hissəsində ekranda Fərid Əhmədovun video görüntüləri izlənildi.
Onun anasına yazdığı şeir qəlbləri titrətdi.
Tədbir “ Hər birimiz Mübarizik, Fəridik ” mahnısı ilə başa çatdı.