Xətai rayonunda qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
22 oktyabr 2016-cı il tarixdə Xətai rayon İcra Hakimiyyətində 2016-2017-ci ilin qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib.
Müşavirədə rayon icra hakimiyyətinin başçısının birinci müavini Zaməddin Əkbərov qış mövsümünə hazırlıqla bağlı məruzə ilə çıxış edib. Bildirilib ki, rayonda qış mövsümünə hazırlıqla bağlı tədbirlər planı hazırlanıb. Rayon sakinlərini elektrik enerjisi və təbii qazla fasiləsiz təmin etmək məqsədilə rayon elektrik şəbəkəsi və qaz istismarı idarəsinə lazım olan hər cür avadanlıq, material verilib. Rayon ərazisində 1 istilik elektrik mərkəzi, 27 fərdi qazanxana 36 nasos məntəqəsi və 1 yüksəldici nasos stansiyası fəaliyyət göstərir. Qazanxanaların hamısı işlək vəziyyətdədir və hər birinin texniki təhlükəsizliyi təmin edilib. Bu il rayon ərazisindəki 550 yaşayış binasının, 40 məktəb , 31 uşaq bağçasının, 100-ə yaxın sosial və digər obyektlərin istiliklə təmin olunmasdı nəzərdə tutulur. Həmçinin, qarlı- şaxtalı günlərdə piyadaların və nəqliyyatın rahat gediş-gəlişini təmin edilməsi məqsədilə yollara qum və duz səpilməsi üçün lazımi tədarüklər görülüb. Qeyd olunub ki, rayonun təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələrində payız-qış mövsümü ilə əlaqədar binalarda əsaslı və cari təmir işləri aparılıb.
Müşavirədə ayrı-ayrı xidmət sahələrinin rəhbərləri payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər barədə məlumat veriblər və qarşıda duran vəzifələrdən danışıblar.