Xətai rayonunda yanğın təhlükəsizliyi mövzusunda tədbir keçirildi
25 oktyabr 2016-cı il tarixdə Xətai Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü ilə "Yanğın Təhlükəsizliyinin təmin olunmasında Yerli İcra Hakimiyyəti və Yerli Özünüidarəetmə orqanlarının rolu" mövzusunda müşavirə keçirilmişdir.
Müşavirədə Bakı Regional Mərkəzinin Fövqaladə Halların Xəbərdar edilməsi və Mülki Müdafiə idarəsinin rəisi, polkovnik-leytenant Yolçu Yolçuyev, Fövqaladə Hallar Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin təlimatçısı Nizami Fərəcov, rayon Dövlət Yanğından mühafizə hissəsinin rəisi polkovnik–leytenant Yasin Bayramzadə, Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev, eləcə də rayonun aidiyyatı xidmət idarələrinin, təhsil müəssisələrinin rəhbərləri, bələdiyyə və mənzil istismar sahələrinin nümayəndələri iştirak etmişlər.
Xətai rayon icra hakimiyyəti başçısının birinci müavini Zaməddin Əkbərov çıxış edərək bildirmişdir ki, artıq bir-neçə ildir yanğından mühafizə orqanları ilə bu istiqamətdə müxtəlif mövzularda tədbirlər keçirir və monitorinqlər aparırıq. Əldə olunan nəticələrin təhlilləri göstərir ki, istehsalat və yaşayış sahələrində yanğın hadisələrinin böyük əksəriyyəti qaz sobalarının, elektrik xətlərinin və qurğularının istismarı, məişət elektrik cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verir.
Müşavirədəki çıxışlar zamanı yanğın təhlükəsizliyi və dəm qazından zəhərlənmələrlə bağlı videomateriallar nümayiş etdirilmiş, mütəxəssislər tərəfindən tədbir iştirakçılarına müvafiq təlimat və tövsiyyələr verilmişdir.