Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Xətai rayonu ərazisində yeni inşa olunmuş “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyinin açılışında iştirak etmişdir

05 mart 2013 | 11:00

04 mart 2013-cü ildə Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Xətai rayonu ərazisində yeni inşa olunmuş “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyinin açılışında iştirak etmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işləri ardıcıl olaraq davam etdirilir.  Ölkə həyatının bütün sahələrində ayrı-ayrı infrastruktur layihələri uğurla icra olunur. Paytaxtda və regionlarda sosial layihələrlə yanaşı, ölkəmizin iqtisadi imkanlarının genişləndirilməsinə xidmət edən ayrı-ayrı sənaye müəssisələri inşa edilir, yeni-yeni istehsalat sahələri yaradılır. Bütün bunlar qeyri-neft sektorunun inkişafını sürətləndirməklə yanaşı, həm də yeni iş yerlərinin açılması baxımından olduqca əhəmiyyətlidir. Digər sahələrdə olduğu kimi, dövlətimizin başçısının göstərişi ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də mühüm işlər görülmüşdür. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yeni inşa olunmuş “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyinin müasir tələblər səviyyəsində tikilib istifadəyə verilməsi bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.
Qeyd edək ki, sənaye müəssisələrinin paytaxtın mərkəzindən köçürülməsi ilə bağlı Dövlət Proqramına uyğun olaraq “Paris Kommunası” adına gəmi təmiri zavodu və İlham Allahverdiyev adına gəmi təmiri-gəmiqayırma zavodunun bir hissəsi sökülmüş, Zığ şosesi yaxınlığında “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyi adlanan yeni müəssisə inşa olunmuşdur. İnşaat işləri 2011-2012-ci illərdə həyata keçirilmişdir.
Dövlətimizin başçısı Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yeni inşa olunmuş “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyi ilə tanış oldu.
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov yeni müəssisədə yaradılan şərait və istehsal prosesi barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, müəssisədə gövdə-qaynaq, mexaniki emal, metaləritmə, çilingər, ağac emalı, elektrikquraşdırma və gəmilərin təmiri ilə bağlı ayrı-ayrı sahələrdə lazımi işləri aparmaq üçün ən müasir dəzgahlar, avadanlıq və ləvazimatlar alınaraq quraşdırılmışdır.
Prezident İlham Əliyev düyməni basaraq müəssisəni işə saldı.
Dövlətimizin başçısı müəssisənin ayrı-ayrı sexlərində oldu. Bildirildi ki, 2,2 hektar sahədə 6 sex binası inşa olunmuş, müvafiq kommunikasiya xətləri çəkilmiş, lazımi infrastruktur yaradılmışdır. Bundan başqa, ərazidə böyük həcmdə sahilbərkitmə işləri görülmüş, ümumi uzunluğu 1400 metrə yaxın olan yanalma körpüləri və dalğaqıran inşa edilmişdir.
Bu körpülərdə, eyni zamanda, iriölçülü 8 gəminin təmirə dayana biləcəyi bildirildi.
Prezident İlham Əliyev “Gəmi təmiri və gəmiqayırma” İstehsalat Birliyinin ayrı-ayrı sahələrini gəzdi, yaradılan şəraitlə yaxından tanış oldu.

Keçidlər