Xətai rayonunda qışa hazırlığın vəziyyəti müzakirə olundu
11 noyabr tarixdə Xətai rayon İcra Hakimiyyətində 2016-2017-ci ilin qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib. Müşavirədə rayon icra hakimiyyətinin başçısının müavini Zaməddin Əkbərov qış mövsümünə hazırlıqla bağlı məruzə ilə çıxış edib. Bildirib ki, 2016-2017-ci illərin payı-qış mövsümünə hazırlıqla əlaqədar rayonun Kommunal və Xidmət Sahələri tərəfindən rayon ərazisindəki yaşayış binalarının və obyektlərin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, həmçinin, istiliklə təmin edilməsi, eləcə də yeraltı mühəndis-kommunikasiya xəttlərinin yoxlanılması, yağış suları qəbul edən kanalizasiya quyularının təmizlənməsi, küçə, həyət, parkların normal işıqlandırılmasını təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçirilmişdir. “Azəristiliktəchizat” ASC-nin rayon üzrə fəaliyyət göstərən İstilik Sistemləri İstismar Sahələri tərəfindən istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində cari profilaktik təmir işləri başa şatdırılaraq qışa hazır vəziyyətə gətirilmişdir. Belə ki, qazanxanalarda olan nasoslar, elektrik mühərrikləri təmir olunmuş, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənmişdir. Magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilmiş və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunması işləri yekunlaşdırılmışdır. Qeyd olunub ki, rayonun təhsil, səhiyyə, mədəniyyət və digər müəssisələrində payız-qış mövsümü ilə əlaqədar binalarda əsaslı və cari təmir işləri aparılıb.
Müşavirədə ayrı-ayrı xidmət sahələrinin rəhbərləri payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər barədə məlumat veriblər və qarşıda duran vəzifələrdən danışıblar.