Rayon İcra Hakimiyyətinin başçısı “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyada məktəbliləri müşayiət edəcək məsul tur rəhbərlərini qəbul etmişdir
11 noyabr tarixdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov “Ölkəmizi tanıyaq” devizi altında keçirilən beşinci tur aksiyada iştirak edəcək tur rəhbərlərini qəbul etmişdir.
Görüşdə Razim Məmmədov qeyd etmişdir ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə artıq bir neçə ildir ki, bu layihə çərçivəsində ölkə məktəbliləri Respublikamızın ərazisində maarifləndirici tur-aksiyalarda iştirak edirlər. Bu dəfəki tur-aksiya müstəqilliyimizin əldə olunmasının 25-ci ildönümünə həsr olunub və 17-20 noyabr 2016-cı il tarixlərdə Gəncə-Şəmkir-Göygöl istiqamətində həyata keçiriləcək. Tur-aksiyada 40 şagird və onlara məsul olan bir rayon İcra Hakimiyyətinin nümayəndəsi, 3 müəllim və bir həkim olmaqla 5 tur rəhbəri iştirak edəcək. Razim Məmmədov bu aksiyanın Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdığını və hər kəs tərəfindən bəyənildiyini vurğulayaraq bildirdi ki, “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq. Həmçinin, gənclərimizə ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini öyrətməklə yanaşı, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, ölkə başçımız cənab İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacaq.
Sonda rayon İcra Hakimiyyətinin başçısı tur-aksiya rəhbərlərinə müvafiq tövsiyyələrini verdi və bu məsuliyyətli işdə onlara uğurlar arzuladı.