“Dini radikalizmlə mübarizə və maarifçilik işinin təşkili" mövzusunda konfrans keçirilib
Xətai rayon İcra Hakimiyyətində “Beynəlxalq Tolerantlıq Günü” münasibətilə rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Dini radikalizmlə mübarizə və maarifçilik işinin təşkili" mövzusunda konfrans keçirilib.
Konfransda əvvəlcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən "Fitnə" sənədli filmi nümayiş olundu. Maarifləndirici xarakter daşıyan filmdə radikalizmin törətdiyi fəsadlar, dini radikalizmin qurbanı olmuş insanların, eləcə də, cinayət məsuliyyətinə cəlb edilən şəxslərin timsalında bu problemin cəmiyyət üçün yarada biləcəyi təhlükələr öz əksini tapıb.
Filmdən sonra çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov diqqətə çatdırdı ki, Odlar yurdu Azərbaycanı dünyaya sülhsever ölkə kimi tanıdan əsas meyarlardan biri onun tolerant olmasıdır. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının çoxəsrlik multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan milli və dini icmaların arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə gənclər arasında dini maarifləndirmə işinin aparılmasının zəruriliyindən, bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından danışaraq, bunun qarşısının alınması üçün görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini bildirdi. Komitə sədri qeyd etdi ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən effektiv vasitə maarifləndirmə işidir. Azərbaycanda bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətləri də yüksək səviyyədə qurulub. İnsanların öz dini ibadətlərini icra etmələri üçün hər cür şərait var. Komitə sədrinin fikrincə, cəmiyyətdə qanunlarla yanaşı, milli-mənəvi dəyərlərimiz də mühüm rol oynayır və bu dəyərlərin qorunmasında gənclərin rolu olduqca önəmlidir.
YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov, Əhmədli məscidinin axundu Hacı Murad Cəfərov öz çıxışlarında bildirdilər ki, Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi ilə bağlı sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə silsilə tədbirlər təşkil edilir. Bu baxımdan "Fitnə" filminin nümayişi də gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi və təbliği baxımından olduqca əhəmiyyətlidir.