Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində maarifləndirici tur-aksiyanın iştirakçılarının yolasalma mərasimi keçirildi

17 noyabr 2016 | 11:00

Bu gün səhər saatlarında Xətai rayonundakı Heydər Əliyev adına parkda  "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində növbəti dəfə təşkil olunan maarifləndirici tur-aksiyanın iştirakçılarının yolasalma mərasimi keçirildi. Rayon rəhbərliyi, müəllimlər, valideynlər və aksiyada iştirak edən məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüb, ehtiramlarını bildirdilər.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti Başçısı Razim Məmmədov Cənab Prezident tərəfindən gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq. Qeyd olundu ki, ölkəmizin dünya miqyasında tanıdılmasında dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir. Bu sahədə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da gördüyü işlər danılmazdır.
Daha sonra çıxış edən millət vəkili Hüseynbala Mirələmov, rayon İcra Hakimiyyəti Başçısının müavini Jalə Abdıyeva, valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini verdilər, onlara mənalı istirahət, zəngin təəssürat arzuladılar. Bildirlər ki, bu aksiyada şagirdlər vaxtlarını səmərəli keçirməklə yanaşı həm də Azərbaycanın qədim tarixi-memarlıq abidələri ilə tanış olub, görməli yerlərini gəzəcəklər.
Sonra Xətai rayon Mədəniyyət evinin kollektivi öz maraqlı ifaları ilə  məktəblilərdə xoş təəssüratlar yaratdı. Tədbir başa çatdıqdan sonra şagirdlər onlar üçün ayrılan avtobusla Gəncə-Göygöl-Şəmkir şəhərlərinə səfərə yola düşdülər. Onlar 3 gün ərzində həmin yerlərin  tarixi abidələri, muzey və mərkəzləri ilə tanış olacaqlar.

Keçidlər