Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Xətai rayon məktəbliləri Gəncə şəhərindədir

18 noyabr 2016 | 11:00

    Aksiya iştirakçıları 17 noyabr tarixdə axşam saatlarında Gəncə şəhərinə  gəldilər. Heydər Əliyev park-kompleksindəki Zəfər tağı qarşısında səmimiyyətlə qarşılanan məktəblilərə şəhər İcta Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva bu qədim şəhər haqqında qısa məlumat verib və bildirib ki, tur-aksiya çərçivəsində onlar bölgə haqqında, onun maddi-mədəni abidələri, muzeyləri, habelə müasir inkişafı barədə ətraflı məlumat əldə edəcəklər.
Sonra məktəblilər şəhərlə tanışlığa parkdakı Heydər Əliyev Mərkəzindən başlayıblar. Mərkəzin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən tur-aksiya iştirakçıları abidə önünə gül dəstələri qoyduqdan sonra mərkəzlə yaxından tanış olublar. Burada şagirdlərə məlumat verilib ki, dördmərtəbəli bina ən mötəbər tədbirlərin keçirildiyi məkandır. İnşasına 2012-ci ildə başlanan mərkəz ölkə başçısı İlham Əliyevin iştirakı ilə 2014-cü ildə istifadəyə verilib. Burada 10D formatlı kinozal, elektron kitabxana, konfrans zalları, intellektual oyunlar üçün otaq, sərgi salonu və s. fəaliyyət göstərir. Məktəblilər mərkəzin birinci mərtəbəsində Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən guşələrə baxdıqdan sonra parkı gəzib və burada sakinlərin istirahəti üçün yaradılan şəraitlə tanış olublar.
Noyabrın 18-də isə səhər saatlarında  Göygöl rayonuna yola düşən şagirdlərin ilk dayanacağı rayonun Heydər Əliyev parkı olub. Parkdakı Ulu Öndərin adını daşıyan mərkəzdə məktəblilərə Göygölün tarixi, mədəniyyəti və iqtisadiyyatı haqqında ətraflı məlumat verilib. Daha sonra şagirdlər mərkəzi gəzib, burada yaradılan Heydər Əliyev muzeyi ilə tanış olublar. "Ölkəmizi tanıyaq" tur-aksiya çərçivəsində məktəblilər Göygöl Gənclər Mərkəzində də olublar. Onlara rayonda almanlar tərəfindən tikilən evlər barədə də məlumat verilib. Göygöl rayon Tarix-Diyarşünaslıq Muzeyində eksponatlar və muzeyin yerləşdiyi kilsə şagirdlərin diqqətini çəkib. Şagirdlərimiz  Dövlət Rəmzləri muzeyində olub, bayraq meydanından rayonun mənzərəsini seyr ediblər.Tur aksiya davam edir.


 

Keçidlər