Xətai rayonunda "Nizami və dünya mədəniyyəti" mövzusunda tədbir keçirilib
Xətai rayon İcra Hakimiyyəti tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 875 illiyinin keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanıb. Plana uyğun olaraq rayonun Humanitar Fənlər təmayüllü məktəb liseyində "Nizami və dünya mədəniyyəti" mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxdılar. Nizami Gəncəvinin zəngin yaradıcılığı, Şərq və dünya ədəbiyyatında, mədəniyyətindəki yeri və mövqeyi, əsərlərinin əhəmiyyəti, humanist ideyaları barədə danışan Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bildirdi ki, şairin qüdrətli qələmindən çıxan poemaları müəyyən mənada 12-ci yüzilin, böyük sənətkarın içərisində olduğu zamanın ensiklopediyasıdır. Dahi şair bəşəriyyətin bədii söz aləminə "Xəmsə" adlı xəzinə verməklə milli və bəşəri dəyərlərin tamamilə yeni bir mənzərəsini yaradıb. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi yaşadığı dövrdən başlayaraq xalqının, yurdunun hər zaman təmsilçisi olub. Vurğulandı ki, Ümummilli Lider Heydər Əliyev böyük şair Nizami Gəncəvi yaradıcılığına daim önəm verirdi. Bu gün isə cənab Prezident İlham Əliyev bu ənənəni davam etdirir. Dahi şairin irsinin öyrənilməsi, onun dünya içtimaiyyətinə tanıdılması istiqamətində mühüm addımlar atılır. Bu çərçivədə Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan ədəbiyyatını, mədəniyyətinin təbliği istiqamətində gördüyü işlər danılmazdır.
Tədbir çərçivəsində şagirdlər dahi şairin həyatından bəhs edən qısa səhnəciklər nümayiş etdirdilər.