Heydər Əliyevin adını daşıyan istirahət parkında bayram tədbiri keçirilmişdir
Xalqımızın milli adət-ənənələrini özündə birləşdirən Novruz bayramı münasibətilə 15 mart 2013-cü ildə Xətai rayonunda ulu öndər Heydər Əliyevin adını daşıyan istirahət parkında bayram tədbiri keçirilmişdir. Novruz bayramı münasibəti ilə keçirilən tədbirdə rayon məktəblilərinin əl işlərindən ibarət eksponatlar nümayiş etdirilib, milli idman oyunları keçirilib.
Qədim adət-ənənələrimizə uyğun olaraq tonqal ətrafında təşkil edilən bayram konsertində Bahar qızının meydana gəlişi şənliyə bir başqa rəng qatıb. Tədbirdə rayon incəsənət ustalarının hazırladığı bayram konserti rayon sakinlərinə xoş ovqat bəxş edib. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başcısı Razim Məmmədov bildirmişdir ki, Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir, əsrlərdən bəri yurdumuzun hər yerində mərasimlərlə qeyd olunur. Təbiətin oyanması Novruzdan başlanır və xalqımız bu gözəl bayramı təntənəli şəkildə qarşılayır. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə diqqət göstərməsi kimi sağlam dəyərlər üzərində qurulmuşdur. R.Məmmədov Xətai sakinlərini baharın gəlişi münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını bildirmişdir.