Şriftin ölçüsü :

Saytın rəngi :

2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin illik hesabat yığıncağı keçirildi

25 yanvar 2017 | 11:00

   25.01.2017-ci il tarixdə 245  saylı tam orta məktəbin akt  zalında  Xətai  rayon  İcra Hakimiyyətinin Başçısı Razim Məmmədovun, hüquq-mühafizə orqanlarının,  xidmət rəhbərlərinin, təhsil, səhiyyə və mədəniyyət işçilərinin, iş adamlarının, ziyalıların, ağsaqqalların, Xətai Bələdiyyəsi üzvlərinin  və sakinlərinin  iştirakı ilə  2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin  2016-cı ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir. Toplantıda 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Icra Hakimiyyəti Başçısının nümayəndəsinin müavini Əhməd Məmmədovun hesabat məruzəsi dinlənilmişdir:
2 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin əraizisi Xətai rayonunun bir hisəsini, 2,6 kv.km ərazini və 34 saylı Xətai  2-ci Seçki dairəsinin tam ərazisini əhatə edir. Əhalisi 71362 nəfərdir.  İnzibati ərazi dairəsinin  sərhədləri şərti olaraq Ramiz Quliyev küçəsi, Rahib Məmmədov, Aşıq Ələsgər, Neapol, General Mehmandarov, General Şıxlinski, Nəsrəddin Tusi küçələri, Gəncə prospekti, Sadıqcan küçəsi, Zığ yolu küçələrinin bir hissəsini təşkil edir.
        İnzibati Ərazi Dairəsində rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 6,27,82,87,94,97,99,100 saylı Mənzil Kommunal İstismar Sahələri 118,122,133 saylı xüsusi təyinatlı Mənzil Kommunal İstismar Sahələri xidmət göstərirlər. İnzibati ərazimizdə 10 ümumtəhsil tam orta məktəb, 14 uşaq bağçası, uşaq poliklinikası, qadın məsləhətxanası, vərəm sanatoriyası, təcili tibbi yardın stansiyası və Xəzər Dəniz Gəmiçiliyinin poliklinikası yerləşir.  
          Xətai rayon İcra Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən yerli İcra Hakimiyyətləri haqqında əsasnaməyə və iş planına uyğun olaraq 2016-cı il ərzində xidməti ərazi üzrə yaşayış, sosial təyinatlı, təhsil-səhiyyə müəssislərinin və digər obyektlərin su, qaz və istilik enerjisi ilə normal təchiz olunması üçün xidmət sahələrinin işlərinə nəzarət edilmişdir. Küçə və meydançaların abadlaşdırılması, məhəllədaxili abad həyətlərin salınması, ərazinin sanitar təmizliyinə əməl olunması üçün tədbirlər görülmüş, Mənzil Kommunal İstismar Sahələrinin  iştirakı ilə vaxtaşırı iməciliklər keçirilmiş, ərazidə ehtiyac olan yerlərdə  ağac və gül kolları əkilmiş, yaşıllıqlar salınmış və onlara nəzarət edilmişdir. 
İnzibati ərazidə rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin və tabelikdə olan MKİS-lərin iştirakı ilə bir çox ünvanlarda yaşayış binalarının ətrafında sakinlər tərəfindən ümümi istifadə üçün nəzərdə tutulmuş sahələr qeyri-qanuni zəbt olunmuş  çəpərlərdən sökülmüş və həmin sahələr abadlaşdırılaraq  sakinlərin  istifadəsinə verilmişdir.  Müxtəlif ünvanlarda iməciliklər təşkil olunmuş və ətrafda yerləşən bina sakinlərinin asudə vaxtlarının səmərəli keçirmələri üçün şərait yaradılmışdır.
Cənab Prezident  İlham Əliyevin bütün ölkə vətəndaşlarının fevralın 2-dən mayın 1-dək pulsuz tibbi müayinələrdən keçirilməsi üçün verdiyi tapşırıq 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin inizibati ərazisində və ərazidə fəaliyyət göstərən 38 saylı poliklinikada uğurla həyata keçirilmişdir. Səyyar həkim briqadaları hər gün müvafiq sahələr üzrə müayinələr aparmış, vətəndaşlara tibbi xidmət göstərmişdir. Yaşlı insanların evlərində tibbi müayinədən keçirilməsi üçün tibb işçilərinə tərəfimizdən müvafiq köməkliklər  göstərilmişdir.
         Hesabat dövründə  Dövlət proqramı çərçivəsində 245 saylı orta məktəbdə yeni inşa edilmiş tədris korpusunun açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmiş, şagirdlər və müəllim kollektivi üçün yaradılan şəraitlə tanış olmuş, onlara öz tövsiyyələrini vermişdir.
Seçki dövründə ərazimizdə olan seçki hüququna malik seçicilər haqqında məlumatlar toplanmış seçki məntəqələrinin ərazisində ümumxalq səsverməsi ilə bağlı təşviqat materiallarının yerləşdirilməsi üçün yerlər müəyyənləşdirilmiş və bütün məntəqələrdə təşviqat lövhələri quraşdırılmışdır. Qeyd edilənlərlə yanaşı Dairə Seçki Komissiyası və Məntəqə Seçki komissiyaları yerləşən obyektlərə gedən yollar və küçələr işıqlandırılmış, ətraf ərazilərdə təmizlik və abadlıq işləri aparılmış, ümumxalq səsverməsi günü seçicilərin seçki məntəqəsinə sərbəst gediş-gəlişini təmin etməkdən ötrü yollarda üzərində ox işarəsi və Məntəqə Seçki Komissiyalarının nömrəsi yazılmış dəmir lövhələr quraşdırılmışdır.
Nümayəndəlik Cavanşir küçəsi 10 “A” ünvanında yerləşən qəzalı vəziyətdə olan yataqxanada yaşayan sakinlərlə görüşlər keçirmiş və mövcud olan problemlərlə yerində tanış olmuşdur. Sakinlərlə görüşlər zamanı onların nəzərinə çatdırılmışdır ki, onların yaşayış şəraitinin  yaxşılaşdırması  rayon rəhbərliyinin daim diqqətindədir.
Ərazidə yerləşən əksər küçələrdə və məhəllədaxili yollarda əhalinin gediş-gəlişini rahatlaşdırmaq üçün asfalt örtüyü yenilənmişdir. Belə ki , 2016-cı il ərzində “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti , Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti və Xətai rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə M.Hadi, G.Şıxlınski, Cavanşir küçələrinə, məhəllədaxili yollara və səkilərə asfalt örtüyü vurulmuşdur.  Ərazidə məişət tullantılarının yığılması üçün yeni meydançalar tikilmiş və ehtiyac olan meydançalarda  rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi  tərəfindən verilən  əlavə yeni  konteynerlər yerləşdirilmişdir. Ərazidə yerləşən köhnə meydançalar cari təmir olunmuşdur.
Hesabat dövründə qış mövsümünə hazırlıqla bağlı, “Azəristiliktəhcizat” Açıq Səhmdar Cəmiyyətinin rayon üzrə fəaliyyət göstərən təşkilatları tərəfindən məhəllədaxili xətlərin və zirzəmilərdə aşağı paylayıcı xətlərinin əsaslı  təmiri işləri aparılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.12.2012-ci il tarixli 345 s saylı sərəncamı əsasında binadaxili su və kanalizasiya sistemləri “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin balansına verilmişdir.  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ərazidə olan bir neçə binanın kanalizasiya xətləri dəyişdirilmiş və binalarda su xətlərinin yenisi ilə əvəz olunması üzrə pilot layihə işləri bir neçə ünvanda başa çatdırılmışdır. 
Hesabat dövründə “Azərbaycan  Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu”nun reklam və elanların yerləşdirilməsi ilə əlaqədar bəndlərin icrasının nümayəndəliyin inzibati ərazisində təmin edilməsi məqsədi ilə Mənzil Komunal İstismar Sahələrinin  və Xətai rayon Bələdiyyəsinin ərazi üzrə nümayəndələri ilə birlikdə reydlər keçirilmişdir. Reydlər zamanı qanunun tələblərinin yerlərdə icrası ilə əlaqədar ayrı-ayrı ünvanlarda yerləşən idarə, təşkilat, ticarət və digər obyektlərin adı və fəaliyyət növü haqqında məlumatların yerləşdiyi  lövhələrin və reklamların xarici dillərdə yazılmaması ilə əlaqədar obyekt sahiblərinə tapşırıqlar verilmiş və bəzi obyekt sahiblərinə xəbərdarlıq edilmişdir. Gələcəkdə də bu nöqsanlara yol verməmək üçün obyekt sahibləri ilə mütəmadi olaraq maarifləndirmə işləri davam etdirilir.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hesabat yığıncağında çıxış edərək, nümayəndəlik ərazisində mövcud olan bütün nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi araşdırılmalar aparılmasının və problemlərin həlli yollarının tapılmasının vacibliyini vurgulamışdır. Başçı aidiyyatı şəxslərə bu sahədə müvafiq təlimat və tapşırıqlarnı vermişdir.

Keçidlər