Şriftin ölçüsü :

Saytın rəngi :

XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİNDƏ YAPON ŞIRKƏTİNİN RƏHBƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLDİ

27 yanvar 2017 | 11:00

Xətai rayon İcra Hakimiyyətində Yaponiyanın məşhur “Kosugi Zohen Co.LTD” şirkətinin rəhbəri Saki Kosuqi və onu muşayət edən nümayəndə heyəti ilə   görüş keçirildi. Görüşdə  Xətai rayonu ilə Tokiyo prefekturasının Setaqaya şəhəri arasında qardaşlaşma layihəsinin növbəti müzakirəsi oldu.
Xəbər verildiyi kimi Azərbaycan ilə Yaponiya arasında regional əməkdaşlığın inkişaf etdirilməsi çərçivəsində Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 29-dan dekabrın 5-dək Tokioda işgüzar səfərdə olmuşdur.
Səfərin əsas məqsədi iki dost ölkə arasındakı münasibətlər tarixində ilk dəfə paytaxt şəhərlərin rayonları arasında dostluq və əməkdaşlıq münasibətlərinin yaradılması və bu məqsədlə Bakı şəhərinin Xətai rayonu ilə Yaponiyanın Tokio prefekturasının Setaqaya şəhəri arasında əlaqələrin qurulmasıdır.
Xətai rayon İcra Hakimiyyətində baş tutan görüşdə də bu və digər məsələlər müzakirə edilmişdir. Qonaqları salamlayan Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Yaponiya səfərini xatırlayaraq bildirdi ki, rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov və aparatın şöbə müdüri Pənah İmanov Yaponiyadakı yüksək səviyyəli görüşlərdən, xüsusən də Yaponiya xarici işlər nazirinin müavini M.Takizava, LDP-nin xarici əlaqələr bürosunun rəhbəri, parlamentin üzvü K.Tanaka, Yaponiya parlamentinin müşavirlər palatasının üzvü xanım Akiko Santo, Setaqaya şəhərinin meri N.Hosaka ilə  görüşlərdən, yapon xalqının qonaqpərvərliyindən çox məmnun  qalmış və bu gün də bunu xatırlayırlar. Eləcə də, Tokio prefekturasının Tullantıların Emalı Mərkəzinin və 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin yarışlara hazırlıqla bağlı məlumatlar nümayəndə heyətində xoş təəssürat yaratdı. Ona görə də hesab edirik ki, bu qarşılıqlı münasibətlər daha da dərinləşəcək və Setaqaya şəhəri ilə qardaşlaşma layihəsi tezliklə baş tutacaq. Bir daha Sizi və nümayəndə heyətini Azərbaycanda, Bakıda görməkdən məmnun olduq.
Cənab Saki Kosuqi isə öz növbəsində belə isti qarşılanmadan və səmimi münasibətdən çox razı qaldığını bildirərək ilk öncə Yaponiya xarici işlər nazirinin müavini cənab M.Takizavanın xüsusi salamlarını cənab Başçıya çatdırdı. Bildirdi ki, Azərbaycan, bu ölkənin insanları onun üçün o qədər doğmalaşıb ki, artıq özünü buranın sakini  hesab edir. Bakıya gələn kimi isə ilk olaraq Xətai rayonunda “Heydər Parkı”nda yerləşən “Yapon bağını” ziyarət edir. Şirkət rəhbəri Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevə olan xüsusi rəğbət və hörmətini də qeyd edərək bildirdi ki, onlar Gürcüstanın paytaxtında saldıqları Yapon bağı Heydər Əliyevin abidəsinin yaxınlığında yerləşir. Orada olan zaman o, Heydər Əliyevin abidəsinin qarşısında təzim edərək hörmət və ehtiramını bildirəndə ətrafdakılar təəccüblənərək nə üçün belə etdiyini soruşanda bildirmişdir ki, bu dahi insanın rəhbərlik etdiyi ölkə və onun xalqı onun yaxın dostudur. Ona görə də bundan sonra da Yaponiya-Azərbaycan dostluq münasibətlərinin daimi olması və davamlı inkişafı üçün o və rəhbərlik etdiyi şirkət səylərini əsirgəməyəcək, xüsusən də, Xətai rayonu ilə Setaqaya şəhərinin qardaşlaşması üçün var gücü ilə çalışacaq. Cənab Kosuqi onu da bildirdi ki, Yaponiya qanunlarına görə belə layihələr bir müddət müzakirə olunandan sonra baş tutur. Ona görə də bu layihə də Setaqaya şəhərinin parlamentində müzakirə olunacaq və inanınaram ki, öz müsbət həllini tapacaq.
Sonra şirkət rəhbəri Xətaidəki  “Yapon bağı” haqqında   məlumatların da öz əksini tapdığı  Yapon bağları haqqında “Japanese Gardens” kitabını və Xətai nümayəndə heyətinin Yaponiyaya səfərindən bəhs edən, Yaponiyada 50000 tirajla çap olunan “The KankyoRyokka Shimbun” qəzetini də İcra Başçısı Razim Məmmədova təqdim etdi.

Keçidlər