Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətən qarşısında borcunuz qalır...”

27 yanvar 2017 | 11:00

Xətai rayonunda hərbi vəzifəlilərlə görüşün əsas leytmotivi belə idi. Xətai Rayon İcra Hakimiyyətinin dəvəti ilə YAP Xətai rayon təşkilatının qərargahına toplaşan sinəsi ordenli, medallı veteranlar Azərbaycan Silahlı Qüvvələri sıralarından yenicə tərxis olunmuş bir qrup gəncin görüşünə gəlmişdilər. Çoxdan ənənəyə çevrilmiş tədbirin əsas iştirakçıları sırasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin zabit heyəti də var idi.
Qonaqları rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov salamlayaraq bildirdi ki, təcavüzkar Ermənistanla müharibə şəraitində olduğumuz və torpaqlarımızın işğala məruz qaldığı bir vaxtda hərbi xidmət keçmək hər bir Azərbaycan övladı üçün şərəfdir. Siz şərəf və qürur verən bu yolu uğurla keçib evə alnıaçıq və üzüağ gəlmisiniz. Nəzərə alsaq ki, siz gənclər və ordudan tərxis olunmuş hərbi vəzifəlilər həm də ordumuzun ilk qələbəsinin –ötən ilin müzəffər aprel yürüşünün baş verdiyi bir vaxtda hərbi xidmət keçmisiniz, bu ikiqat şərəflidir.
Toplantıda çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi, polkovnik Mehman Qurbanov həqiqi hərbi xidməti nümunəvi başa vurub qayıdan gəncləri, onların valideynlərini təbrik etdi və bidirdi ki, Vətənə xidmət etmək həm müqəddəs, şərəfli, həm də çox məsuliyyətli vəzifədir. Bunu yəqin ki, xidmət keçdiyiniz müddətdə daha dərindən dərk etmisiniz. M.Qurbanov qeyd etdi ki, əsgər və zabitlərimizin aprel döyüşlərindəki qələbəsi bütün dünyaya göstərdi ki, Milli Ordumuz öz rəşadəti ilə torpaqlarımızı azad etməyə qadirdir. Düşmənlərimiz də, dostlarımız da mobil və yüksək döyüş hazırlığına malik olan Azərbaycan Silahlı Qüvvələrinin həqiqətən regionun ən güclü ordusu olduğunu gördülər. Belə bir orduda xidmət etməklə hərbi sirlərə dərindən yiyələnmisiniz, Azərbaycan əsgərinin adını və valideynlərinizin etimadını şərəflə doğ- rultmusunuz. Buna görə sizə təşəkkür edir və uğurlar arzulayıram.
Toplantıda çıxış edən Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov qeyd etdi ki, hər bir ölkənin milli varlığı onun yenilməz və möhkəm ordusundan asılıdır. Bizim Vətənimiz Azərbaycanın, xüsusilə də işğaldan inildəyən Qarabağımızın taleyi sizin xidmət etdiyiniz ordudan asılıdır. O ordudan ki, aprel döyüşlərində bizə qələbə müjdəsi verdi, böyük inam və ümid bəxş etdi. Bundan sonra daha gur səslə bütün dünyaya bəyan etdik ki, Milli Ordumuz Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğalçı qüvvələri doğma torpaqlarımızdan çıxarmağa hər an hazırdır. Doğrudur, siz bu orduda xidməti başa vurub tərxis olunmusunuz. Amma, nə qədər ki, torpaqlarımız yağı düşmən tapdağında inildəyir, Vətən qarşısında borcunuz qalır. Ona görə də bundan sonra harada işləməyinizdən, harada yaşamağınızdan asılı olmayaraq, Vətənin çağırışına hər an hazır olun. Torpaqlarımızın gələcək taleyi üçün hamımızın böyük məsuliyyəti var. Sizin məsuliyyətiniz ən ağırı və həm də ən şərəflisidir.
Toplantıda çıxış edən rayon ağsaqqalları, müharibə veteranları və valideynlər də gəncləri bu şərəfli missiyanı uğurla başa vurduqları üçün təbrik etdilər, tövsiyə və məsləhətlərini verdilər. Sonra ənənəvi olaraq Xətai Rayon İcra Hakimiyyəti adından hərbi vəzifəlilərə xatirə hədiyyələri təqdim olundu.

Keçidlər