Əhmədli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin illik hesabat yığıncağı keçirildi
31.01.2017-ci il tarixdə 5 nömrəli Peşə liseyinin akt zalında Xətai rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədovun, hüquq-mühafizə orqanlarının, xidmət rəhbərlərinin, təhsil, səhiyyə və mədəniyyət işçilərinin, iş adamlarının, ziyalıların, ağsaqqalların, bələdiyyə üzvlərinin və sakinlərinin iştirakı ilə Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2016-cı ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir. Toplantıda Əhmədli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyəti Başçısının nümayəndəsinin müavini Mehman Allahverdiyevin hesabat məruzəsi dinlənilmişdir: Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik 2016-cı ildə fəaliyyətini “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq vəzifə və səlahiyyətləri çərçivəsində davam etdirmiş, perspektiv iş planı əsasında qəsəbənin abadlaşdırılması, əhalinin məişət-kommunal problemlərinin həlli, sosial əhəmiyyətli sifarişlərin öyrənilməsi və ötən hesabat yığıncağında səsləndirilmiş təklif və müraciətlərin icrası üçün zəruri tədbirlər görülmüşdür.
Əhmədli qəsəbəsində Təhsil Nazirliyinin Akademik Zərifə Əliyeva adına Liseyin 2 № li eksperimental pilot tədris binası, Zakir Əhmədov adına 64 saylı orta məktəb, 5 nömrəli Bakı Peşə Liseyi, 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 335 saylı uşaq bağçası, Vəli Məmmədov adına Mədəniyyət evi, poçt binası, Əhmədli məscidi, digər dövlət müəssisələri, hüquqi və fiziki şəxslər olan sahibkarlıq subyektləri fəaliyyət göstərir.
Bakı şəhərinin 2006-2007-ci illər üzrə sosial – iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər planı”nın, “2011-2013-cü və 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın və çoxsaylı layihələrin icrası kənd və qəsəbələrin inkişafına təkan vermiş, abadlıq işləri sürətləndirilmiş, əhalinin həyat səviyyəsi yüksəlmiş və sosial problemlər həll edilmişdir.
Qəsəbənin Balaxan Süleymanov küçəsində müasir üslubunda inşa edilmiş 22 saylı şəhər xəstəxana-poliklinika binasının, Aşıq Ələsgər küçəsində inşa edilmiş 1№-li çörək zavodunun və 5 nömrəli Bakı Peşə Liseydə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonra açılışında cənab Prezident iştirak etmişdir.
5 nömrəli Bakı Peşə Liseydə ilk peşə ixtisas təhsili müəssisələrinin infrastrukturun inkişafına yönələn və əmək bazarında yeni peşələr üçün lazım olan kadrlar üzrə “Müasir Azərbaycan peşəkarları” layihəsinin icrası davam etdirilir. Layihə çərçivəsində Liseydə müxtəlif peşələr üzrə yüksək maddi-texniki bazaya malik tədris otaqları yaradılıb. Hazırki iqtisadi şəraitdə əmək bazarında yeni peşələrə zərurət yarandığı üçün Qəsəbədə gənclərinin həyatında Bakı Peşə Liseyinin əhəmiyyətli rolu vardır. Liseydə Kompüter operatoru, mühasibatlıq, dərzilik, saç ustası və s. bunun kimi əhəmiyyətli ixtisaslar mövcuddur.
Əhmədli qəsəbəsinin inzibati ərazisində yerləşən Rahib Məmmədov küçəsində inşa edilən və tikintisi davam etdirilən “BRAVO” gipermarketdə yeni iş yerlərinin və vakansiyaların yaranması sakinlərin işsizlik statusunun azaldılmasında mühüm rol oynayacaqdır.
Dövlət proqramına uyğun olaraq qəsəbənin qaz, elektrik enerji təchizatı yaxşılaşdırılmış, Şahin Səmədov küçəsində orta təzyiqli yeni qaz xətləri çəkilmiş, qazpaylayıcı quraşdırılmış, mexaniki sayğaclar “smart-kart” tipli elektron sayğacla əvəz edilmiş, dalan və döngələr də daxil olmaqla hazırda mənzillər normal qazla təmin olunur, Hava elektrik xətləri “SİP” kabellə çəkilmiş, Şahin Səmədov küçəsində transformator məntəqəsi inşa olunmuş və sakinlərin elektrik enerjisi ilə dayanıqlı və fasiləsiz təchizatı təmin edilmiş, sayğaclaşma 99,9% təşkil etmişdir. Qəsəbənin su təchizatının yaxşılaşıdırılması və kanalizasiya sisteminin “Azərsu” ASC tərəfindən yenidən qurulması məqsədi ilə Dövlət proqramında tədbirlər nəzərdə tutulmuşdur.
Son illərdə Qəsəbədaxili küçələrdə dalan və döngələrdə asfalt örtüyü vurulmuş, Ramiz Quliyev və Məhsəti küçəsində asfalt örtüyü dəyişdirilmiş, ətraf ərazi abadlaşdırılmış, yaşıl çəmənlik salınmışdır.
2016-cı il ərzində dövlət proqramına uyğun olaraq Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi, qəsəbədaxili və məhəlləarası küçələrin abadlaşdırılması istiqamətində görülən işlərə uyğun olaraq inzibati ərazimizdə olan Ramiz Quliyev küçəsində asfalt örtüyü yenilənmişdir.
S. Mirhəsənağa, B. Süleymanov, 7-ci Əhmədli küçələrində işıqlanma yenidən qurulmuş və 5-ci Əhmədli küçəsində işıqlanma bərpa olunmuş digər küçələrdə işıqlanma sisteminin yenidən qurulması üçün “Bakı Şəhər İşıq İdarəsinə” müraciət olunmuşdur.
Qəsəbədə bütün abonentlərdə telefonlar elektron ATS sisteminə qoşulmuş və internet istifadəçilərinin sayı artmışdır.
Qəsəbənin sosial-məişət problemlərinin həll olunması, ərazidə təmizlik və abadlıq işlərinin yerinə yetirilməsi istiqamətində aparılan işlərdə Nümayəndəlik öz fəaliyyətini rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi , rayon Xidmət İdarələri və Əhmədli Bələdiyyəsi ilə əlaqəli qurmuşdur.
Məişət tullantıları Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin və Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Kommunal Təmizlik Sahəsi tərəfindən gündəlik daşınır. Məişət tullantılarının vaxtında daşınmasına, meydançalarda təmizlik və adablıq işlərinin aparılmasına, sanitar təmizliyə ciddi nəzarət olunmuşdur. Qəsəbə ərazisində Sanitariya-epidemioloji nəzarətinin gücləndirilməsi məqsədilə ət kəsimi yerlərində mütəmadi reyd yoxlamalar keçirilmiş, qanunsuz ət kəsimi-satışına və küçə ticarətinə qarşı mübarizə tədbirləri gücləndirilmişdir.
İl ərzində Qəsəbənin Babək prospekti, M. Hadi küçəsinə aid sahəsində və qəsəbədaxili digər küçələrdə iaşə, ticarət və xidmət obyektlərinin qarşısında standartlara uyğun olmayan, şəhərin görkəminə xələl gətirən reklam lövhələri sökülmüş və Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi ilə razılaşdırılmış yeni reklamlar lövhələrlə əvəz edilmişdir.
Son illərdə Qəsəbə əhalisinin sayı artmış, rəsmi statistik məlumata əsasən qeydiyyatda olan 11528 nəfər və qeydiyyatsız yaşayanlar da daxil olmaqla ümumilikdə 15000 nəfərdən çox olmuş və ərazidə 72 məcburi köçkün ailəsi (390 nəfər) məskunlaşmışdır.
Qəsəbə sakinlərinin aztəminatlı təbəqəsinin sosial-məişət problemlərinin həllinə diqqət göstərilmiş və Ölkə başçısının müvafiq fərmanları ilə qəsəbə üzrə 5 şəhid ailəsi üzvünə, 17 müharibə əlilinə Prezident təqaüdü ödənilir.
“Ahıllara Sosial xidmət haqqında” Qanunun icrası ilə əlaqədar, hazırda Əhmədli qəsəbəsi ərazisində yaşayan 28 nəfər tənha, ahıl, kimsəsiz və əlil vətəndaşa Əhalinin Sosial Müdafiə Mərkəzin 4 nəfər sosial xidmət işçisi tərəfindən evlərdə sosial xidmət göstərilmişdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 15 fevral- 13 may 2016-cı il tarixdə Respublikamızın bütün bölgələrində olduğu kimi rayonun Əhmədli qəsəbəsində 7826 nəfər əhali tibbi müayinədən keçirilmişdir. Yataq xəstələrinin müayinəsi məqsədi ilə səyyar həkim briqadası təşkil olunmuş, xəstələrə ambulator və stasionar müalicə təyin edilmiş və əhalinin dispanserizasiyası uğurla başa çatdırılmışdır.
Gənclərin Hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması diqqətdə saxlanılmış, hərbi çağırışla əlaqədar Qəsəbə Nümayəndəliyi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinə yaxından köməklik göstərilmiş və görülmüş tədbirlərin nəticəsidir ki, 2016-cı ildə Qəsəbədə hərbi xidmətdən yayınan və fərari çağırışçı olmamışdır.
Hesabat dövründə Qəsəbədə rayon İcra Hakimiyyəti Başçısının 4 Səyyar qəbulu keçirilmiş, qəbulda iştirak edən 35 vətəndaşın müraciəti ilə əlaqədar müvafiq tədbirlər görülmüş və problemlərlə bağlı aidiyyatı dövlət orqanlarına rəsmi müraciət olunmuşdur. Nümayəndəliyə rayon İcra Hakimiyyətindən, dövlət orqanlarından , təşkilatlardan və vətəndaşlardan daxil olmuş 72 ərizə, məktub və şikayətlərə “Vətəndaşların müraciətlərinə baxılması qaydası” haqqında Azərbaycan Respublikasının Qanuna müvafiq olaraq baxılmış, tədbirlər görülmüş, nəticəsi barədə vətəndaşlara qanunamüvafiq izahat verilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hesabat yığıncağında çıxış edərək, nümayəndəlik ərazisində mövcud olan bütün nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi araşdırılmalar aparılmasının və problemlərin həlli yollarının tapılmasının vacibliyini vurgulamışdır. Başçı aidiyyatı şəxslərə bu sahədə müvafiq təlimat və tapşırıqlarını vermişdir.