Xətai rayonunda “Multikulturalizm Azərbaycanda həyat tərzidir” mövzusunda tədbir keçirilib
Yanvarın 31-də Prezident cənab İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən maliyyə yardımı almış Xətai rayon “Mirtağı” məscidi dini icması tərəfindən həyata keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzidir” çərçivəsində “Mirtağı” məscidində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin əməkdaşı, dini icma sədrləri, din xadimləri, ziyalılar və ağsaqqallar iştirak ediblər. Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Azərbaycanın islam aləmində çox böyük hörmətə malik olduğunu, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunmasının olduqca əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm bir addım olduğunu qeyd edib. Multikultural dəyərlərin qorunduğu məkanlardan biri olan Xətai rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə belə maarifləndirmə tədbirlərinin keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayan Pənah İmanov lahiyənin işinə uğurlar arzulayıb. Daha sonra çıxış edən rayon İcra Hakimiyyətində şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin məsləhətçisi Vasif Musayev, “Mirtağı” dini icmasının sədri Hacı Mircəfər Nəsirov, məscidin axundu Hacısəlim Kərimovun çıxışları dinlənilib.Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maaliyyə yardımı əsasında keçirilib. İştirakçılar dini sahəyə və dindarlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və layihə çərçivəsində nəşr olunan dini ədəbiyyat paylanılıb.