XƏTAİ RAYONUNDA SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN YARANMASININ 5 İLLİYİ QEYD OLUNUB
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 5 illiyi münasibətilə Xətai rayon içtimaiyyəti Heydər Əliyev parkına gələrək Ümummilli Liderin xatirəsinə ehtiramlarını bildiriblər.
“Bu gün Azərbaycan istər hərbi bazası ilə, istərsə də, ordu quruculuğundakı kadr potensialı ilə lider ölkələrdən birinə çevrilib. Burada ən başlıca məqamlardan biri isə Ali Baş komandan İlham Əliyevin orduda qulluq göstərən hərbiçilərə diqqət və qayğısının yüksək olmasıdır.”- Bu fikirləri Xətai rayon İcra Hakimiyyətinin başçısının müavini Jalə Abdıyeva Xidmətin 5 illiyi münasibətilə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatında keçirilən tədbirdə bildirib.Onun sözlərinə görə, hərbçilərin maddi rifahının yaxşılaşdırılması, ordu bazasının möhkəmləndirilməsi gənclərdə vətənpərvərlik hisslərini daha da artırır.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi Mehman Qurbanov bildirib ki, indi Azərbaycan Silahlı Qüvvvələri güclü maddi-texniki bazası, şəxsi heyətinin yüksək döyüş və mənəvi psixoloji hazırlığı ilə seçilir. Artıq müxtəlif ölkələrin gənclərinin respublikamızın müasir şəraiti, hərtərəfli maddi-texniki və tədris bazası ilə seçilən bir sıra ali hərbi təhsil ocaqlarında təhsil almaları da diqqəti çəkən faktdır.
Digər çıxış edənlər - aprel döyüşlərində şəhid olan Xaliq Əzizzadənin atası Həsən Qasımov, müharibə veteranları bildiriblər ki, taleyini şərəfli hərbi peşəyə bağlayanların sayının ilbəil artması bu sahəyə hərtərəfli dövlət qayğısından irəli gəlir.
Tədbir çərçivəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 5 illiyi münasibətilə nəşr edilən kitab da təqdim olundu.