Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan qadını mədəni və siyasi quruculuğun fəal iştirakçısıdır

17 aprel 2013 | 10:00

16.04.2013-cü il tarixdə Azərbaycan qadınlarının IV qurultayına hazırlıq çərçivəsində Bakının Xətai rayon  qadınlarının konfransı keçirilmişdir. Rayon ictimaiyyəti nümayəndələrinin də iştirak etdiyi konfrans ulu öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başladı.
Xətai Rayon İcra Hakimiyyətinin geniş iclas salonunda işə başlayan konfransı təbrik sözü ilə rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirdi ki, xalqımızın bütün tarixi boyu Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır. Dünən məhdud hüquqları olan Azərbaycan qadını bu gün ölkədə mədəni və siyasi quruculuğun fəal iştirakçısıdır.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qadınlar yeni imkanlar əldə etmişlər. Bu imkanların yaradılmasında isə, şübhəsiz, bütün həyatı və fəaliyyəti boyu qadına yüksək dəyər verən ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri xüsusi qeyd olunmalıdır. Bu baxımdan bilavasitə onun rəhbərliyi altında işlənib-hazırlanan və 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsbit etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı. Bundan sonra Prezident Heydər Əliyevin 14 yanvar 1998-ci il tarixli fərmanı ilə respublikada qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil şəkildə həyata keçirilməsi məqsədi ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Bu məlum fərmandan sonra ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasına xüsusi diqqət yetirilməyə başlandı.
Natiq daha sonra bildirdi ki, bütün bunların və Heydər Əliyev siyasətinin Prezident  İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə qadın hüquqlarının təmin olunması sahəsində ölçüyə gəlməyən işlər görülmüşdür. İndi müasir Azərbaycanda elə bir sahə yoxdur ki, orada qadınlar iştirak etməsin.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bildirdi ki, Azərbaycan qadınlarının III qurultayından keçən 5 il ərzində respublikada dövlət qadın siyasətinin həyata keçirilməsi istiqamətində böyük işlər görülmüşdür. Hazırda respublikamızda əhalinin 51 faizini qadınlar təşkil edir. Cəmiyyət qadının ictimai əməyində maraqlı olduğu qədər qadının özü də bu sahədə maraqlıdır.
Natiq  qeyd etdi ki, Azərbaycan cəmiyyətində qadının ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə rolu ildən-ilə artır. Bütün bunlar ölkədə demokratik dövlət quruculuğunun, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin əməli nəticəsidir. İndi müstəqil Azərbaycanda gender bərabərliyinin təmin olunması üçün möhkəm hüquqi baza var. Bu gün qadının sosial vəziyyətinin yüksəlməsi daha parlaq surətdə cəmiyyətin bütün fəaliyyət sahələrində özünü büruzə verir.
Konfransda Xətai rayon qadınlarının paytaxtın ictimai-siyasi həyatındakı fəaliyyətlərindən bəhs edən digər nümayəndələr qeyd etdilər ki, respublikada həyata keçirilən müxtəlif tədbirlər Azərbaycan qadınının nüfuzunun yalnız bizim cəmiyyətdə deyil, eyni zamanda, dünyada da artmasına gətirib çıxarmışdır. İndi cəmiyyətimizdə qadınlar dövlət işlərinin  idarə olunmasında iştirak edirlər, bunun nəticəsidir ki, bugünkü Azərbaycan  qadınının özünə və gələcəyə inamı yüksəkdir.
Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsində qadınlarımız dünyanın ali kürsülərindən öz sözlərini deyə bilir və qadının xalqımızın həyatındakı yerini göstərə bilirlər. Bu yer isə, həqiqətən, Mehriban xanım Əliyevanın beynəlxalq tədbirlərin birində dediyi kimidir: “Azərbaycan xalqının adət-ənənələrində qadına çox böyük hörmət və qayğı ilə yanaşılır. Ailə dəyərləri cəmiyyətimizin ən mühüm və qiymətli dəyərləri olmuş və olaraq qalır. Azərbaycanlılar üçün ana müqəddəs simadır”.
Konfrans Xətai rayonundan respublika qadınlarının  ali məclisinə nümayəndələrin seçkisi ilə işini başa vurdu.

Keçidlər