XƏTAİ RAYONUNDA ƏHALİ İCBARİ TİBBİ MÜAYİNƏDƏN KEÇİR
Dövlət başçısının ölkə vətəndaşılarının icbari tibbi müayinədən keçirilməsi üçün verdiyi tapşırıqlar Xətai rayonunda uğurla həyata keçirilir. Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan komissiya əhalinin tibbi müayinəyə cəlb edilməsi üçün müvafiq işlər görür.
Xətai rayonundakı 38 saylı Şəhər Poliklinikasında rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilat nümayəndələri və sakinlər tibbin müxtəlif sahələri üzrə-rentgen, ultrasəslə müayinə, stomatoloq, terapiya və digər növ müayinələrdən keçiblər.
Poliklinikanın baş həkimi Reyhan Əkbərov bildirib ki, tibb ocağında fevral ayının 15-dən başlayan tibbi müayinəyə qoşulanların sayı bu günə kimi 5350 nəfərə çatıb. Onlardan 611 nəfəri ambulator, 50 nəfəri isə stasionar müayinəyə göndərilib.
Ötən il rayon üzrə 208 min 491 nəfərə tibbi xidmət göstərilib ki, onlarında 72.5 faizi tibbi müayinədən keçib. Bu barədə məlumat verən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bildirib ki, rayon əhalisinin demoqrafik artımı nəticəsində bu il xidmət göstərilən əhalinin sayı 212 min 473 nəfərə çatıb. Əhalinin cari ildə də aksiyaya cəlb edilməsi məqsədilə maarifləndirmə tədbirləri həyata keçirilir.
Əhalinin mütəşəkkil surətdə tibbi müayinədən keçməsi isə işin yüksək səviyyədə təşkilindən xəbər verir. Prezident İlham Əliyevin tapşırığına əsasən, rayonda fəaliyyət göstərən bütün səhiyyə ocaqları ən son texnologiyalara uyğun, müasir tibbi avadanlıqlarla təhciz edilib. Bu da sakinlərin lazımı qaydada müayinədən keçməsinə zəmin yaradır. Əhalinin icbari tibbi müayinədən keçirilməsi may ayının 1-dək davam edəcək.