XƏTAİ RAYONUNDA "ÖLKƏMİZİ TANIYAQ" LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ MAARİFLƏNDİRİCİ TUR-AKSİYANIN İŞTİRAKÇILARININ TƏNTƏNƏLİ YOLASALMA MƏRASİMİ KEÇİRİLDİ
Prezident İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiya layihəsinin təşkili Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən burada əsl bayram əhval ruhiyyəsi yaranmışdı. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti Başçısı Razim Məmmədov Cənab Prezident İlham Əliyev tərəfindən gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq. Qeyd olundu ki, ölkəmizin dünya miqyasında tanıdılmasında dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir. Bu sahədə Azərbaycanın birinci vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da gördüyü işlər danılmazdır.
Daha sonra çıxış edən millət vəkili Hüseynbala Mirələmov, rayon İcra Hakimiyyəti Başçısının müavini Jalə Abdıyeva məktəblilərə səfərlə bağlı tövsiyələrini verdilər, onlara mənalı istirahət, zəngin təəssürat arzuladılar. Bildirlər ki, bu aksiyada şagirdlər vaxtlarını səmərəli keçirməklə yanaşı həm də Azərbaycanın qədim tarixi-memarlıq abidələri ilə tanış olub, görməli yerlərini gəzəcəklər. Çıxış edən valideynlər, müəllimlər və məktəblilər belə gözəl bir imkanı yaratdığı üçün Olkə Başçısı cənab İlham Əliyeva öz minnətdarlıqlarını ifadə etdilər.
Tədbirdə Xətai rayon Mədəniyyət evinin kollektivi, Aşıq Əli, Aşıq Samirə, milli geyimdə olan rəqqasələr, Novruz personajları-Bahar qızı, Kosa və Keçəl, müğənnilər öz maraqlı ifaları ilə məktəblilərdə xoş təəssüratlar yaratdı. Azərbaycanın əməkdar artisti Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupunun, tanınmış incəsənət ustalarının səsləndirdikləri musiqilərin sədaları altında şagirdlər onlar üçün ayrılan avtobusla Heydər Əliyev Beynəlxaql Hava Limanına yola düşdülər.
Xətai rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan yolasalma mərasimi Hava Limanında da Bakının Binəqədi, Qaradağ, Xəzər, Nərimanov, Nəsimi rayonlarından olan tur-aksiya iştirakçıları ilə birlikdə təntənəli şəkildə davam etdi. İncəsənət ustalarının musiqiləri, Keçəl, Kosa və Bahar qızının məktəblilərlə oynadığı əyləncəli oyunlar, tanınmış aşıqların ifaları Heydər Əliyev adına Beynəlxalq Hava Limanını da əsl bayram əhval-ruhiyyəsinə bürüdü. Sonra bütün rayonlardan olan tur-aksiya iştirakçılarına Xətai İcra Hakimiyyəti tərəfindən Novruz nemətləri ilə nəfis şəkildə bəzədilmiş rəngarəng xonçalar hədiyyə edildi. Çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bütün məktəblilərə səfərlə bağlı tövsiyələrini verdi, onlara mənalı istirahət, zəngin təəssürat arzuladı.