Şriftin ölçüsü :

Saytın rəngi :

31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ ƏLAQƏDAR XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİNDƏ DƏYİRMİ MASA KEÇİRİLİB

30 mart 2017 | 11:00

Tədbirin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edən Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bildirdi ki, 31  mart soyqırımı 1918-ci ilin 30 mart və 3  aprel  tarixləri arasında Bakı şəhərində və  Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmişdir. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Lakin, bu qanlı faciəyə əsl hüquqi qiymət məhz Ulu Öndər tərəfindən verildi. Məhz Ümummilli Lider Heydər Əliyev 1998-ci il martın 26-da “1918-ci il mart soyqırımı haqqında” Fərman imzalayıb. Fərmanda bu hadisələrlə bağlı Milli Məclisin sessiyalarının keçirilməsi, bu sahədə tədqiqat işlərinin aparılması, hər il mart ayının 31-nin milli matəm günü kimi qeyd edilməsi, bu faciənin dünya ictimaiyyətinə çatdırılması kimi konkret vəzifələr qoyulub. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşib. Həmin ildən etibarən bütün xalqımız  bu tarixi “31 mart Azərbaycanlıların soyqırımı günü”  kimi  qeyd edir.

Çıxış edən İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, YAP Xətai rayon təşkilatının sədr müavini Yeganə Qurbanova, YAP Qadınlar Şurasının sədr müavini Könül Əfəndiyeva, 138 saylı məktəbin direktoru Mirfaiq Mirheydərli və başqaları bildirdilər ki, bütün bunlar ermənilər tərəfindən  azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, represiya və soyqırımı siyasətidir. Təəssüflər olsun ki, bu vəhşiliklər bu gün də davam edir. Məhz öz havadarlarının dəstəyi ilə Ermənistan Respublikası bu gün də Azərbaycanın 20 % torpaqlarını işğal altında saxlayır. “Böyük Ermənistan” yaratmaq xülyası ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasəti nəticəsində minlərlə insan elindən-obasından didərgin düşüb, Azərbaycanın əzəli-tarixi torpaqları olan Dağlıq Qarabağ və digər ətraf rayonlar illərdir ki, erməni işğalından əziyyət çəkir.   

31 mart və Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması üçün hər il hökümət səviyyəsində bir sıra tədbirlər həyata keçirilir. Milli Məclisin dünya parlamentlərinə müraciətində soyqırımı aktının real mahiyyəti, onun soyqırım kimi tanıdılmasını şərtləndirən amillər konkret faktlar əsasında əksini tapır. Ümummilli liderin siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev də hər il bu soyqırımlarla bağlı xalqımıza müraciət ünvanlayır, səbir diləyərək  dərin hüznlə başsağlığı verir. Azərbaycan xalqı ürəkdən inanır ki, Ölkə Prezidentinin apardığı qətiyyətli siyasət gec-tez üzləşdiyimiz münaqişənin ədalətli həllini təmin edəcəkdir.

Sonra tədbir müzakirələrlə davam etdirildi.

Keçidlər